Sərgilər və tədbirlər
23 Noyabr, 2019
“Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi
Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub. Mərasimdə Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.
Əlamətdar yubileyini - 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyonları, özünəməxsus eksponatlar ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri yer alıb, 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb.
Milli Azərbaycan Tarixi Muzeyini pavilyonun açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı və şöbə müdiri, t.ü.f.d. Səbuhi Əhmədov təmsil etmişdirlər.
Qeyd etmək lazımdır ki, pavilyonda Azərbaycan tarixinin şanlı səhifələrini əks etdirən MATM eksponatlarından ibarət ekspozisiya qurulmuşdur. Həmçinin açılış mərasimində S.Əhmədovun müəllifi olduğu və Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab qonaqlara təqdim edilib.