az
en
Bu gün: 21 Noyabr 2019
“Arşın mal alan: dövr, insanlar, personajlar” sərgi (“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş sərgi) (12 mart- 19 may 2013-cü il)

Martın 12-də Sərgi «Muğam dünyası» III Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda beynəlxalq elmi simpoziumun açılışı günü Milli Azərbaycan Tarixi Muzeyində “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş sərgi açılacaq. Sərgi Azərbaycan mədəniyyəti tarixinin ən parlaq hadisələrdən birinə - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunub. Sərginin ideyasının əsasında – rəmzi-assotiativ metod dayanır; metod dərin məzmunlu, eyni zamanda dahi şəxsiyyətlər və hadisələrlə bağlı olan, hamı tərəfindən tanınan eksponatları nümayiş etdirməyə imkan verir. Belə eksponatlar tamaşaçıdan xüsusi bilik, muzey işçilərindən xüsusi izahat və xüsusi təqdimat metodları tələb etmir. Ekspozisiyanın semantikası özündə qavramanın təsviri aydınlığını süjetin öyrənilməsinin assotiativ formaları ilə birləşdirərək tamaşaçıların təsəvvür səviyyəsinə uyğundur. Sərginin birinci bölməsində tamaşaçı “Arşın mal alan” operettasını 1913-cü ildə yaradan mədəniyyət xadimləri, həmçinin sonrakı dövrlərdə operettanı səhnələrdə tamaşaya qoyan şəxslərin fotoşəkilləri, şəxsi əşyaları, sənədləri, afişaları ilə tanış olur. İlk dəfə olaraq operettanın oynanıldığı ölkələri nümayiş etdirən “Arşın malçı dünyanı gəzir” xəritəsi maraq kəsb edir. Sərginin ikinci bölməsi tamaşaçını sanki operettanın yazıldığı dövrə dəvət edən Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə xanımın portretləri ilə açılır. İnstallyasiyalar vasitəsilə tamaşaçı XX əsrin əvvəllərinə aid Azərbaycan şəhərinin küçələrinə düşür, buradakı mağazalar, dükanlar, çayxana ilə tanış olur. “Gülçöhrə və Asya”, “Soltan bəy”, “Əskər və Süleyman” vitrinləri fotomateriallarla səsləşən eksponatlar vasitəsilə dövrün baş personajlarının məişətini nümayiş etdirir. Ayrıca vitrin operettanın ekranlaşdırılması tarixinə həsr olunub. İnformasiya panellərində operettanın nadir afişaları, onun yaradılması və səhnələşdirilməsinin tarixçəsini göstərən məlumatlar, həmçinin erməni “mədəniyyət xadimləri” tərəfindən operettanın oğurlanmasını nümayiş etdirən faktlar yerləşdirilmişdir. Sərgi zalının mərkəzindəki vitrinlərdə “Əskər” və “Gülçöhrə” manekenləri nümayiş olunur. Vitrinlərin şüşələri cəmiyyətin qurduğu şərti maneələri nümayiş etdirir; lakin iki sevgilinin bir-birlərinə qovuşmasının qarşısını ala bilmir. Operettanın məhşur ifadəsini – “Bir molla, bir kəllə qənd, üç manat pul” ifadəsini nümayiş etdirən installyasiya tamaşaçılarda təbəssüm doğurur. Sərgi “Arşın mal alan” bədii filminin (1945) fraqmentlərinin nümayişi ilə müşayiət olunur. Ekpozisiya Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında “Arşın mal alan” operettasının yaradılma tarixi ilə tanışlıqla yanaşı, o dövrün tarixinə daxil olmaq imkanını da verir. Muzey işi baxımından sərgi tarix ekspozisiyasının yeni rəmzi- assotiativ metodunun qavranılması cəhdi kimi qəbul oluna bilər.

Sərgi martın 12-də saat 16.00-da açılacaq və mayın 19-dək davam edəcək.

Elanlar