az
en
Bu gün: 19 Sentyabr 2019
Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra təqdimatı olmuşdur

Naxçıvan Dövlət Xalça MuzeyiNoyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra, “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov təqdimat mərasimində çıxış edərək demişdir: Mədəniyyət və incəsənət daim qayğı tələb edən sahədir. “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, - deyən ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq milli mədəni irsimizin qorunmasına xüsusi diqqət və qayğı göstərmişdir. Görülən tədbirlər nəticəsində xalq tətbiqi sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, xalçaçılıq sənəti öz yüksək qiymətini almışdır.
“Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, xalça sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. Orta əsr müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər.

Ali Məclisin Sədri demişdir: Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirmişdir. Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlamış, 2010-cu ildə muzey yeni bina ilə təmin olunmuşdur. Muzeydə Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində müəyyən tədbirlər görülmüşdür. Bu sahədə görülən işlərin davamı kimi “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir. Cəmiyyət xalçaçılıq məktəbinin tədqiqi sahəsində təşəbbüskar olmuş, elmi və praktik əhəmiyyətli tədqiqatlar aparmış, Naxçıvan xalçaçılıq məktəbinə aid əldə etdiyi nadir xalçaları muzeyə hədiyə etmişdir. Bundan əlavə “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti apardığı elmi araşdırmaların nəticəsi olaraq nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabını və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalını hazırlayaraq çap etdirmiş, “Naxçıvan xalçaları” sənədli filmini və Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytını hazırlamışdır. İctimaiyyətə təqdim olunan bu yaradıcılıq məhsulları Naxçıvan xalçaçılıq məktəbinin bərpası və yaşadılması sahəsində çox qiymətli töhfələrdir. Bunlar, eyni zamanda “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinin və direktorunun fəal vətəndaş və ziyalı mövqelərinin bəhrələridir. Bütün bunlara görə professor Vidadi Muradova və onunla birlikdə Naxçıvan xalçaçılıq məktəbinə aid xalçaların toplanmasında, kitab və jurnalların, sənədli filmin, internet saytının yaradılmasında əməyi olanların hamısına təşəkkürümü bildirirəm.
Ali Məclisin Sədri demişdir: Naxçıvan xalçaları sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi Naxçıvan xalçaçılıq məktəbini elmi cəhətdən və sistemli şəkildə araşdırmalı, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpasına çalışmalı, Naxçıvan Dövlət Arxiv İdarəsi ilə birlikdə xalçaçılıq məktəbinə dair elmi nəşrlər hazırlamalıdır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələr Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərlə tanış edilməli, bu nəşrlər tədris planına salınmalı, Naxçıvan Dövlət Xalça Muzeyində açıq dərslər keçirilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadi İnkişaf nazirlikləri xalçaçılıq kurslarının təşkilini bundan sonra da davam etdirməlidirlər. İqtisadi İnkişaf Nazirliyi xalçaçılıqda istifadə olunan xammalın, təbii boyaların istehsalı və tədarükü üçün müvafiq tədbirlər görməli, xalça sənəti ənənələrinin yayıldığı ərazilərdə xalça istehsalını dəstəkləməli, muxtar respublikadakı xalçatoxuyanlar üçün zəruri şərait yaratmalıdır. Ali Məclisin Sədri qeyd etmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan xalçalarının təbliği sahəsindəki fəaliyyətini genişləndirməli, elmi əsaslarla yeni bələdçi mətnləri hazırlamalı, Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytındakı məlumatların yenilənməsini və elektron müraciətlərin cavablandırılmasını təmin etməlidir. Kütləvi informasiya vasitələrində Naxçıvan xalçaçılıq məktəbi haqqında elmi-kütləvi verilişlər, bu gün ictimaiyyətə təqdim olunan nəşrlər və muzeyin internet saytı barədə məlumatlar hazırlanmalı, xalça nümunələri və onların işlənmə xüsusiyyətləri ətraflı izah olunmalıdır. Ali Məclisin Sədri qədim ənənələrə malik olan Naxçıvan xalçaçılıq məktəbinin qorunub yaşadılması və zənginləşdirilməsinin tək bu gün üçün yox, həm də gələcək nəsillər üçün vacib olduğunu qeyd etmiş, aidiyyati təşkilatların və elmi müəssisələrin bu sahədə fəaliyyətlərini daha da gücləndirmələrinin vacibliyini bildirmiş, onlara işlərində uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev xalça sənətinin xalqımızın həyatı və məişəti ilə sıx bağlı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, tariximiz qədər qədim olan xalçaçılıq və bununla bağlı sənət sahəsi Tunc dövründən başlayaraq inkişaf etmiş, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində mühüm addımlar atılmış, mədəni irsimizin qorunması məqsədilə əhəmiyyətli tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaratmışdır. “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradov çıxış edərək demişdir ki, bu gün zəngin koloriti, təkrarsız naxışları və orjinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaçılıq məktəbinin tarixinə əlamətdar səhifə kimi yazılır. “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan araşdırmalar zamanı Naxçıvan xalça məktəbi, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətləri ayrı-ayrılıqda tədqiq və təhlil olunmuşdur. Naxçıvan xalçaları haqqında aparılan fundamental araşdırmalar xalqımızın milli dəyərlər xəzinəsinə mühüm töhfədir. Bügünkü təqdimat mərasimi də Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Vidadi Muradov Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Xalçaçı Həcər Hümbətova muxtar respublikada xalçaçılıq sənətinin qədim və mütərəqqi ənənələrinin yaşadılması, öyrənilməsi və təbliğinə göstərilən diqqət və qayğıya görə bu sahədə çalışan bütün xalçaçılar adından minnətdarlığını bildirmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 7 noyabr tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı – xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətlərinə görə Vidadi Muradova “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adının döş nişanını və vəsiqəsini Vidadi Muradova təqdim etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Professor Vidadi Muradov əməyinə verilən bu cür yüksək qiymətə görə minnətdarlıq etmişdir.
Sonra Naxçıvan Dövlət Xalça Muzeyinin yeni internet saytı, “Naxçıvan xalçaçıları” kitabı, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Naxçıvan xalçaları” sənədli filmi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin www.xalca.nakhchivan.az internet saytı üç dildə hazırlanmışdır. Sayt “eksponatlar”, “elektron kitabxana”, “fotoqalereya”, “virtual ekskursiya” və “əlaqə” bölmələrindən ibarətdir. Sayta daxil olan istifadəçilər “eksponatlar” bölməsində muzeyin fondunda saxlanılan xalçalar və xalçaçılıq məmulatlarının fotoşəkilləri, onların hansı dövrə və bölgəyə aid olması barədə məlumat ala bilərlər. “Elektron kitabxana” bölməsində müxtəlif dövrlərdə Azərbaycan xalçaçılıq sənəti ilə bağlı nəşr olunan elmi ədəbiyyatlar, jurnal və broşürlar yerləşdirilmişdir. Saytın xüsusi maraq doğuran bölmələrindən biri “virtual ekskursiya” bölməsidir ki, tamaşaçılar buradan Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasını virtual olaraq izləmə imkanına malikdirlər. Saytın “Naxçıvan tarixi”, “Naxçıvan xalçalarının xarakteristikası”, “Naxçıvan xalçaları” keçid bölmələrində isə müvafiq sahələr üzrə elmi məlumatlar vardır. “Əlaqə” bölməsində muzey ilə operativ əlaqə saxlamaq və məktub göndərmək mümkündür. Yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “Naxçıvan xalçaçıları” kitabı muxtar respublika tətbiqi sənətinə ən qiymətli hədiyyədir. Kitabda Naxçıvan xalçalarının ümumi xarakteristikası, onlar haqqında məlumat və fotoşəkillər, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan xalçaları təqdim olunmuşdur. Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətlərinin ayrı-ayrılıqda təqdim və təhlil olunduğu kitabda həm də muxtar respublikanın müxtəlif bölgələrindən olan 254 xalçaçı haqqında məlumat yerləşdirilmişdir. Kitabın sonunda isə şəxsi kolleksiyalarda saxlanılan 44 xalça nümunəsi, onların toxunma tarixi və yeri haqqında məlumat verilmişdir. “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalındakı məqalələrdə Naxçıvan xalçaçılıq məktəbi elmi şəkildə təhlil edilmişdir. “Naxçıvan xalçaları” sənədli filmində isə Naxçıvanda xalçaçılıq sənətinin inkişafının səciyyəvi cəhətlərindən və xalça toxuma ənənələrindən söhbət açılır.
Sonda tədbir iştirakçıları yenidənqurmadan sonra Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən eksponatlara baxmışlar. 

Elanlar