az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeyin yeni nəşri - teatr kataloqu

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən yeni kitab- kataloq nəşr edilmişdir. “Bakının teatr tarixi” adlı kataloq Muzeyin fondarında qorunan və Azərbaycanın teatr tarixinə, Bakıda fəaliyyət göstərmiş və indi də tamaşaçılara öz qapılarının açan teatrların tarixinə dair nadir eksponatları özündə əks etdirir.

Kataloq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanda Milli Teatrın yaradılmasının 140 illi haqqında” 01 mart 2013-cü il tarixli sərəncamından irəli gələn tədbirlər planına əsasən çap olunmuşdur.

“Bakının Teatr həyatı” adlı kataloqun (Bakı, “Ziya”, 2013, 212 s.) elmi redaktoru, Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifləri N.Vəlixanlı, t.ü.f.d. Zərifə Dulayevadır.

Kataloqda Bakıda bu gün öz maraqlı təqdimatları ilə tamaşaçıları sevindirən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Səməd Vurğun adına  Azərbaycan Dövlət Rus Teatrı, Abdulla Şaiq adına Azərbaycan kukla Teatrı, eləcə də müstəqillik illərində əsası qoyulan Bakı Bələdiyyə Teatrı (1992) və  “Planet Parni iz Baku-KVN” (2000) teatrının fəaliyyətinə dair Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında olan materiallar təqdim olunur.

Kataloqda əks olunan materiallar əsasən müxtəlif fotoşəkillər, afişa və proqramlar, eləcə də nadir eksponatlar – teatr xadimlərinin şəxsi əşyaları, dekorasiya və rekvizit elementləri, təqdim olunmuşdur.  Bu materiallar tetrların repertuarlarını öyrənmək, həmin teatrların müxtəlif dövrlərdə dəqiq adlarını müəyyənləşdirmək, benefis və yubileylərin kimə və nə vaxt həsr olunduqlarını bilmək baxımından böyük maraq doğurur.

Muzeydə qorunan və bu gün onun nadir eksponatları kimi qiymətləndirilən kolleksiyalar içərisində görkəmli mədəniyyət xadimlərinə məxsus kolleksiyalar xüsusi yer tutur.

“Bakının teatr tarixi” kataloqu yeddi bölmədə təqdim olunan 870 adda eksponatı əhatə edir. Bölmələrin hər biri ayrı-ayrı teatrların və XX əsrin əvvəlində fəaliyyət göstərən həvəskar teatr truppalarının materiallarını özündə birləşdirir.

Kataloqun sonunda muzeyin sənədli mənbələr fondunda (SMF №DK 1176, №663/1) saxlanılan Azərbaycan Teatrın 50 illik yubileyi münasibətilə 1923-cü ildə yubiley komisissiyası tərəfindən köhnə əlifba (ərəb qrafikası) ilə nəşr edilən “Azərbaycan türk teatrosunun müxtəsər tarixi. 1873-1923” kitabçasının transliterasiyası təqdim olunmuşdur.

Ümidvarıq ki, unikal və qiymətli materiallar qədirbilən Azərbaycan tamaşaçısının çox da asan olmayan uzun və şərəfli ömür yaşamış Azərbaycan teatrına sevgisini daha da artıracaq. Bu sönməz ocağın fədailərinin adlarını əbədiləşdirəcəkdir.

Elanlar