az
en
Bu gün: 14 Dekabr 2017
Muzeylərə həsr olunmuş elmi konfrans öz işinə başladı

2013-cü il aprelin 18-dəAMEA Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransının açılışı olmuşdur.

Konfransı giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlamış, onları 18 aprel- Beyməlxalq abidələr və tarixi yerlər günü münasibəti ilə təbrik etmişdir. Natiq qeyd etmişdir ki, Muzey tərəfindən 2010-cu ildən bəri ardıcıl olaraq təşkil olunan konfrans artıq sayca üçüncüdür. Muzeylərdə elmi fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi; muzey pedaqoqikası və tarixi tədqiqatlar kimi vacib mövzuların müzakirə olunacağı konfransın Muzey əməkdaşlarının qarşıqlı əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından da önəmli rol oynayacağı gözlənilir. Daha sonra akademik Nailə Vəlixanlı “Heydər Əliyev və Azərbaycanda muzey işi” mövzusunda məruzə ilə çıxış etmiş, ümummilli liderin respublika muzeylərinə göstərdiyi qayğı və diqqətdən danışmışdır. O, Heydər Əliyevin tariximizin öyrənilməsi və təbliğində muzeylərə böyük əhəmiyyət verməsini qeyd etmiş, indiki dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həmin kursun uğurla davam etdirilməsini xüsusi vurğulamışdır. Muzeylərin maddi-texniki bazasının mökəmləndirilməsi, muzey işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni-yeni muzeylərin açılması, interaktiv və virtual muzeylərin yaradılmasına başlanılması həmin işin bariz nümunəsidir. N.Vəlixanlı qeyd etmişdir ki, muzeylərdə öz növbəsində Azərbaycanın zəngin tarix və mədəniyyətinin təbliğində, gənc nəsillərə vətənpərvərlik hissələrinin aşılanmasında, tariximizin qaranlıq qalan səhifələrinin işıqlandırılmasında daha geniş fəaliyyət göstərməli, bu işdə ən yeni texnologiyalardan istifadə etməlidirlər. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi işçisi Ülkər Şirəliyeva “Heydər Əliyev və Azərbaycan xalçaçılıq sənəti (keçmişin yadigarı, bu günün bələdçisi Azərbaycan xalçası)” adlı məruzə ilə çıxış edərək ümummilli liderin respublikamızda xalça sənətinin öyrənilməsi, onun dünya miqyasında təbliğ olunması sahəsində gördüyü işlədrədn danışmışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova “Musiqi əsərlərinin unudulmasının qarşısının alınmasında muzeylərin rolu” mövzusunda çıxış edərək muzeylərin təkcə madii eksponatların qorunduğu məkan deyil, həmçinin qeyri-maddi mədəni irsin qorunması və təbliği ilə məşğul olan mərkəzlərə çevrilməsinin önəmini vurğulamışdır. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini Xatirə Bəşirli “Tarixi və bədii yaddaşın vəhdəti” mövzusunda çıxış edərək muzey ekspozisiyalarının tamaşaçılara olan mənəvi təsiri barədə danışmış, tarixi eksponatların muzeyə gələn qonaqlara təqdim olunmasının bədiililiyin böyük əhəmiyyət kəsb etməsini vurğulamışdır. Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, tarix elmləri doktoru Kamil İbrahimov İçəri Şəhərdə konservasiya olunmuş arxeoloji qazıntı sahələri tariximizi təbliğ edən açıq səma altında muzey kimi” adlı məruzə ilə çıxış edərək Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə son illərdə İçəri Şəhərdə aparılan kompleks işlərdən danışmış, burada yeni muzeylərin açılması, aşkar olunmuş abidələr ətrafında müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını konfrans iştirakçılarına çatdırmışdır. O, görülən işlər nəticəsində İçəri Şəhərin bütövlüklə açıq səma altında muzey kimi fəaliyyət göstərməsini istər tariximizin təbliği, istərsə də turizmin inkişafı baxımından vacib əhəmiyyət kəsb etməsini xüsusi qeyd etmişdir. Daha sonra konfrans öz işini seksiyalarda davam etdirmişdir. Qeyd etmək lazımdır ki, iki seksiyada müvafiq slayda-filmlər nümayiş olunmaqla ümumulikdə 24 məruzə dinlənilmişdir. Konfrans öz işini aprelin 19-da davam etdirəcək.

Elanlar