az
en
Bu gün: 14 Dekabr 2017
Muzeyin Ekspozisiyasında maraqlı eksponat nümayiş olunur

Bu günlərdə Muzeyin ekspozisiyasına Azərbaycanın qədim tarixini, xalqımızın zəngin maddi və mənəvi mədəniyyətini özündə ehtiva edən maraqlı arxeoloji eksponat təhvil verilib. Bu eksponat 1984-cü ildə Şəmkirçayla Gəncəçay arasında, Qaracəmirli kəndi yaxınlığında yerləşən 1 saylı kurqanda arxeoloq Münəvvər Hüseynovanın rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb. Eksponat ağzının kənarlarındakı yuvalara dörq quş fiquru keçirilmiş çölmək tipli qabdan ibarətdir. Əfsuslar olsun ki, qabın əsli Muzeyə təhvil verilməyib və onun harada saxlanması barədə dəqiq məlumat yoxdur. Hazırki qab isə əslinin qrafik təsviri əsasında 2014-cü ildə Muzeyin Bərpa laboratoriyasında bərpaçı-rəssam Əmiryusif Zəvərov tərəfindən gipsdən düzəldilmiş və qara boya ilə rənglənmişdi. Qabın ağzı geniş olub, dodaqlıdır. Gövdəsi oturacağa doğru daralır və konusvari forma almışdır. Oturacağı düzdür. Çiyin hissədə quş fiqurlarının qoyulması üçün iki böyük və iki kiçik yuvası var. Gövdəboyu yuvalar arasında dörd sıra çarpaz xətlər çəkilmişdi.

Quş fiqurları isə qədim dulusçu tərəfindən gildən hazırlanmış, yaxşı bişirilmişdi. Onların səthləri şüyrələnmiş,  qanadlarının üzəri çızma üsülü ilə xətlərlə işlənmişdi. Rəngləri qaradır. Quşlardan bəzilərinin başı və ayaqları sınsa da, sonradan gipslə bərpa edilib. Fiqurlar vəhşi çöl quşlarını xatırladırlar.

 

         Esponatın təyinatına gəldikdə isə, onun məişət və ya təsərrüfat qabı olması inandırıcı deyil. Ehtimal olunur ki, bu qab əsasən ayini məqsədlər üçün istifadə olunub. Onun dəfn avadanlığına daxil olması da təsadüfi deyil. Oxşar qablar Qaracəmirlinin 2 və 3 saylı kurqanlarından da tapılıb. Eksponat Azərbaycanın qədim sakinlərinin ideoloji təsəvvürlərinin, dəfn adətlərinin, məşğuliyyətlərinin öyrənilməsində, eləcə də arxeoloji əsərlərin yazılmasında qiymətli əşyavi mənbə rolunu oynaya bilər.

  

Elanlar