az
en
Bu gün: 14 Noyabr 2019
“Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” məqalələr toplusu nəşr olunub

photoAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Prezident İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” məqalələr toplusu hazırlanıb.

Topluya Əli bəy Hüseynzadə haqqında müstəqillik illərində yazılmış, əlibəyşünaslığın çağdaş inkişaf səviyyəsini əks etdirən elmi və elmi-publisistik məqalələr daxil edilib. Bu məqalələr böyük ədib və mütəfəkkir, görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin mənalı ömür yolu və çoxcəhətli fəaliyyəti barədə dolğun təsəvvür yaratmağa xidmət edir.

Akademik İsa Həbibbəylinin, tanınmış tədqiqatçılardan Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Nizami Cəfərovun, Vilayət Quliyevin, Yavuz Akpınarın, Bədirxan Əhmədovun, Şamil Vəliyevin, Azər Turanın, Zaman Əsgərlinin, Alxan Bayramoğlunun, Ofelya Bayramlının, Vaqif Arzumanlının, Gözdə Gingörün, Cavidə Məmmədovanın, Lütviyyə Əsgərzadənin, Firəngiz Cabbarovanın məqalələrində Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının, “Molla Nəsrəddin” və “Füyuzat” ədəbi məktəbləri əlaqələrinin aktual məsələləri əksini tapıb.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, tərtibçiləri və çapa hazırlayanları dosent Nikpur Cabbarlı və professor Şamil Vəliyevdir.

 

Elanlar