az
en
Bu gün: 18 Sentyabr 2019
Mərkəzi Elmi Kitabxana oxucuların istifadəsinə verilib

imgOktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından söz açıb, kitabxananın fəaliyyətini akademiyanın tarixində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirilib ki, MEK fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya müəssisələrindən biri kimi elmin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. Zəngin tarixə malik MEK akademiya sistemində aparılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir.

Diqqətə çatdırılıb ki, kitabxana ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçib, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində 2014-cü ilin mayında MEK-in yeni binası istifadəyə verilib. Kitabxananın binasının yenidən qurulması üçün dünyanın bir sıra məşhur kitabxanalarının modeli öyrənilib və burada müasir kitabxana sistemi tətbiq edilib. Hazırda MEK müasir tələblərə cavab verən informasiya texnologiyaları ilə təchiz olunub. Bu gün MEK ölkəmizdə müxtəlif miqyaslı tədbirlərin keçirildiyi məkana çevrilib. Dünyanın müxtəlif kitabxanalarına çıxışı təmin olunan MEK-in elektron kataloqunun yaradılması istiqamətində işlər artıq başa çatmaq üzrədir.

Mərasimdə Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hami, Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi çıxış edərək kitabxananın istifadəyə verilməsini Azərbaycanın elmi ictimaiyyəti üçün böyük töhfə adlandırıb, onun fəaliyyətinə uğurlar arzulayıblar.

MEK-in direktoru Leyla İmanova müasir tələblərə cavab verən kitabxananın strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonra iştirakçılar kitabxananın binası ilə tanış olublar.

Tədbir bədii hissə ilə davam edib. 

 

Elanlar