az
en
Bu gün: 18 Sentyabr 2019
VIII Beynəlxalq Atatürk konfransının iştirakçıları Şəkinin tarixi məkanları ilə tanış olublar

imgGəncədə uğurla başa çatan dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransının iştirakçıları oktyabrın 15-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərinə səfər ediblər.

Tərkibinə on üç ölkədən gəlmiş tarixçilərin, elm adamlarının, həmçinin konfransın təşkilatçı qurumlarının – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) rəhbər və əməkdaşlarının da daxil olduğu 130 nəfərlik heyət Şəkiyə səfər çərçivəsində şəhərin tarixi məkanları ilə tanış olub, muzeylərə baş çəkib, şəhərin görməli yerlərini gəziblər.

Konfrans iştirakçılarının qədim Şəki ilə tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlanıb. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sarayın həyətində qonaqları səmimiyyətlə qarşılayıb.

Sonra konfrans iştirakçıları Xan sarayının həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olublar.

Qonaqların diqqətinə çatdırılıb ki, ölkəmizdə mədəni irsin, xalqımıza xas olan zəngin mədəniyyətin qorunmasına və təbliğ olunmasına böyük diqqət yetirilir. XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayı xalqımızın malik olduğu zəngin mədəniyyətin, böyük tarixi inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin canlı nümunəsidir. 2012-ci ildə sarayın 250 illik yubileyi Şəkidə böyük təntənələrlə qeyd olunub.

Abidə ilə tanışlıq zamanı bildirilib ki, Şəki xanlarının sarayı Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr edib, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.

Şərq memarlığının nadir incisi hesab olunan bu bənzərsiz sarayla tanışlıq konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Qonaqlar sonra “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi abidələrlə tanış olub, muzeylərə, sənətkarlıq emalatxanalarına baş çəkiblər.

Şəkiyə səfərləri çərçivəsində konfrans iştirakçıları, həmçinin XVIII əsrin sonunda inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Bildirilib ki, hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Hər il bu abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir.

Qədim Şəkinin tarixi məkanları ilə tanışlıq VIII Beynəlxalq Atatürk konfransı iştirakçılarının ürəyincə olub. Qonaqlar Şəkidən xoş təəssüratlarla ayrılıblar.

Elanlar