az
en
Bu gün: 18 Oktyabr 2017
Bu gün dünya erməniləri xəcalətdən yerə girməlidir

imgBu gün yerli vaxtla saat 11:45-də Strasburqda, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binasında Məhkəmənin Böyük Palatasının iclası başlanıb. İclasda “Doqu Perinçek İsveçrəyə qarşı” işi üzrə AİHM-in 17 dekabr 2013-cü il tarixli qərarından İsveçrə hökumətinin apelyasiya şikayətinə dair qəti qərarı oxunub. Xatırladaq ki, o vaxt türkiyəli siyasətçi İsveçrə hökumətinə qarşı məhkəmə iddiası qaldırmışdı. İsveçrə bu işi biabırçı şəkildə uduzmuş və AZƏRTAC məhkəmənin qərarının ətraflı təhlilini təqdim etmişdir.

Əslində biabırçılıq girdabına yuvarlanmamaq üçün elə burada dayanmaq olardı. Amma yox, İsveçrənin hakimiyyət orqanları yerli erməni təşkilatlarının təzyiqi qarşısında aciz qaldı. Ermənilər onlara sığınacaq və bir tikə çörək vermiş ölkənin prestijinə tamamilə laqeyd olub başqasının hesabına bir daha bəxtlərini sınamağı qərara aldılar. Buna görə də onlar rəsmi Berni bezdirərək apelyasiya şikayəti verməyə məcbur etdilər, halbuki bu şikayətin uğursuz olacağı əvvəlcədən məlum idi.

Aydın olmayan bir də odur ki, görəsən Hollivud ulduzu Corc Kluninin həyat yoldaşı, əslən Livandan olan britaniyalı hüquqşünas Amal Kluni 2015-ci il yanvarın 28-də AİHM-in ali şikayət orqanının iclasında üçüncü tərəf kimi Ermənistan hökumətinin maraqlarını təmsil etməyə qərar verəndə nəyə ümid bəsləyirdi? Uğursuz olacağı dəqiq bəlli olan bu işə girişməklə öz peşəkarlıq reputasiyasını təhlükə altına qoymaq nəyə lazım idi!

Beləliklə, bir neçə dəqiqə bundan əvvəl qəti qərar elan edilib, bu qərardan protest vermək artıq qeyri-mümkündür. Qərarın mətni bu gün günün ikinci yarısında AİHM-in  http://hudoc.echr.coe.int saytında dərc ediləcək.

Dünya erməniləri növbəti dəfə biabırçılığın acısını daddılar! AİHM-in Böyük Palatası İsveçrənin apelyasiya şikayətini rədd etdi və əvvəlki qərarı dəyişməz saxladı. Həmin qərar isə AZƏRTAC-ın məqaləsində xatırladığımız kimi, bundan ibarətdir ki, hüquqi müstəvidə təsdiq edilmiş Holokost faktından fərqli olaraq “erməni soyqırımı” narrativi tarixi fakt deyil, rəydir (özü də əsla ümumi və əsla yeganə rəy deyil), akademik dairələrdə bu məsələ barəsində konsensus əldə edilməyib və çətin ki, əldə ediləcək, əks fikir söyləməyə görə hər hansı cinayət təqibi isə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulması deməkdir (konvensiyanın mətni ilə tanış olmaq üçün bax: http://www.echr.coe.int/Documents/Convention_RUS.pdf).

Onu da qeyd edək ki, AİHM-in çoxillik praktikasında Avropa Şurasının üzvləri olan dövlətlər tərəfindən məhkəmənin qərarlarının icra edilməməsi ilə bağlı heç bir hal olmayıb. Əks təqdirdə, Avropa Şurasının nizamnaməsinə uyğun olaraq bu, həmin dövlətin Avropa Şurasında üzvlülüyün dayandırılmasına və son nəticədə Nazirlər Komitəsinin qərarına uyğun olaraq həmin dövlətin Avropa Şurasının tərkibindən xaric edilməsinə gətirib çıxara bilər. Əgər dövlət iddia edirsə ki, qanunvericilik və ya məhkəmə praktikası dəyişdirilməsə Avropa məhkəməsi tərəfindən baxılmış vəziyyət təkrarlana bilər, onda həmin dövlət, bir qayda olaraq öz qanunvericiliyə zəruri yeniliklər edir. Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq məhkəmənin qərarlarının icrasına nəzarəti Avropa Şurası Nazirlər Komitəsi həyata keçirir. Komitə bu normanın icrası üçün həm pul şəklində kompensasiyanın vaxtında ödənilməsinə, həm də konvensiyanın iştirakçısı olan dövlətin daxili hüquq normalarının və ya məhkəmə praktikası mövqeyinin Avropa Şurası standartlarına zidd olması məhkəmənin qərarı ilə əlaqədar aşkar görünən normalara necə düzəliş etməsinə nəzarət etməlidir. Məhkəmə tərəfindən çıxarılmış hüquqi qərar yalnız iş üzrə cavabdeh dövlət üçün məcburidir. Lakin bir sıra hallarda məhkəmənin qərarlarının əhəmiyyəti milli hüdudlardan kənara çıxaraq konvensiyanın iştirakçıları olan digər dövlətlərin hüququna və məhkəmə praktikasına da təsir göstərir.

Beləliklə, bu gündən etibarın İsveçrə Doqu Perinçekin təqsirkar hesab edilməsi barədə özünün əvvəlki qərarını ləğv etməli və ona tam bəraət verməlidir. Vaxtı ilə erməni təşkilatları tərəfindən təzyiqlə üzləşmiş ölkə tamamilə biabır olub və indi yəqin ki, kimlərinsə qeyri-sağlam şıltaqlıqları ucbatından Avropa Şurasından xaric olunmağa risk etməyəcək. Bir sözlə, Avropa Femidasının son qərarını hər halda yerinə yetirmək lazım gələcək.

Yunanıstan da öz milli qanunvericiliyini AİHM-in qərarlarına uyğunlaşdırmalı olacaq. Bu ölkənin parlamenti təxminən bir il bundan əvvəl tələskənlik edərək Yunanıstanın qanunvericilik orqanı tərəfindən tanınmış soyqırımlarının inkar edilməsinin kriminallaşdırılması barədə qanun qəbul edib (bax: http://azertag.az/ru/xeber/794771).

Bu gün bizim və dostlarımızın Femidanın təntənəsi şərəfinə şampan butulkası açmağa tam əsas var. Qarşı düşərgədə isə yəqin ki, həmişəlik torpağa gömülmüş yüz illik mifin xatirəsini yad etmək üçün hərəyə bir qədəh tut arağı süzəcəklər. Yeri gəlmişkən, çox rəmzi haldır ki, bu əhvalat başqa bir vaxtda deyil, məhz 2015-ci ildə baş verir və biz hamımız ədalətin bərpasının bəxtəvər şahidləriyik

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

 

Elanlar