az
en
Bu gün: 18 Oktyabr 2017
“Hərb tariximizi öyrənək!”

İyunun 21-də Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında “Hərb tariximizi öyrənək!” adlı tədbir keçirilmişdir. Tədbir 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyi və AR Silahlı Qüvvələri Hərbi Akademiyasının birgə səyləri ilə hazırlanmışdır.

 

Tədbir 2016-cı ildə Hərbi Akademiya ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında imzalanmış Əməkdaşlıq haqqında Memoranduma əsasən təşkil olunmuşdur.

Tədbirdə Hərbi Akademiyanın əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Hərb Tarixi Muzeyi, İçəri Şəhər Dövlət Qoruq İdarəsi, AMEA və AR Mədəniyyət və Turizm Nazirliyi muzeylərinin əməkdaşları, alimlər, tədqiqatçılar, KİV nümayəndələri iştirak etmişdirlər.

Tədbir iki hissədən ibarət idi:

1.Azərbaycan hərb tarixinə həsr olunan kitabların I sərgi-yarmarkasının açılışı. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyi, Hərbi Akademiya, həmçinin fərdi müəlliflərin çap etdirdikləri 60 adda kitab nümayiş olunmuşdur.

2.“Azərbaycan hərbi hissələri Rusiya imperatorlarının mühafizə xidməti tərkibində” adlı məruzə. İlk dəfə olaraq məruzədə 1838-1881-ci illərdə mövcud olmuş milli Azərbaycan hərbi hissələri haqqında məlumat verilmişdir.

Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açmışdır. O, qeyd etdi ki, təşkil olunan sərgi Azərbaycan hərb tarixi ilə bağlı kitabların ilk sərgisidir. Xalqımızın tarixi keçmişinin öyrənilməsi istiqamətində əməli fəaliyyət göstərən Muzey təkcə hərbi xarakterli sərgilərin keçirilməsi ilə kifayətlənmir, elmi və elmi-populyar kitabları da hazırlayır və nəşr edir. Onların əksəriyyəti Muzeyin fondlarında qorunan materiallara əsaslanır və indiyədək az məlum olan məqamlara həsr olunub. Azərbaycan hərb tarixinin öyrənilməsi və təbliğində ölkənin müxtəlif qurumlarının səylərinin birləşdirilməsinin vacibliyini xüsusi qeyd edən Nailə xanım 2016-cı ildə Hərbi Akademiya ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətindən danışmış, bu sahədə gələcəkdə də birgə tədbirlərin keçirilməsini vurğulamışdır.

Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin professoru, tarix üzrə elmlər doktoru Nurulla Əliyev çıxışında Azərbaycan hərb tarixinin öyrənilməsində Hərbi Akademiyanın göstərdiyi səydən danışmış, həyata keçirilmiş tədbirlər, çap olunmuş kitablar haqqında məlumat vermişdir. O, Muzeylə imzalanmış Memorandumun əhəmiyyətinə toxunaraq xalqımızın qəhrəmanlıq keçmişinin öyrənilməsində birgə tədbirlərin keçirilməsinin vacibliyini xüsusilə qeyd etmişdir. N.Əliyev hərb tarixi kitablarının sərgisinin ölkədə ilk dəfə keçirilməsini vurğulayaraq Akademiya adından akademik Nailə Vəlixanlıya və Muzeyin əməkdaşlarına öz dərin təşəkkürünü bildirmişdir.

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri t.ü.f.d. Səbuhi Əhmədov da tədbirdə məruzə ilə çıxış etmişdir. O, “Azərbaycan hərbi hissələri Rusiya imperatorlarının mühafizə xidməti tərkibində” adlı məruzə oxumuşdur. Natiq Azərbaycan hərb tarixinin şanlı səhifəsini təşkil edən faktlardan, şəxsiyyətlərdən danışmışdır. Məruzə zamanı fotoşəkillər və rəsm əsərlərindən ibarət prezentasiya təqdim edilmiş, 1838-1881-ci illərdə mövcud olmuş milli hərbi hissələrin rekonstruksiya olunmuş uniforması nümayiş etdirilmişdir.

Daha sonra tədbir iştirakçıları Azərbaycan hərb tarixinə həsr olunmuş kitabların sərgisi ilə tanış olmuşdurlar. Vurğulanmışdır ki, sərgi 21- 23 iyun tarixlərində davam edəcək. Sərgiyə giriş pulsuzdur, sərgidə kitabların satışı da nəzərdə tutulmuşdur.

 FLICKR

YOUTUBE

FACEBOOK

 

Elanlar