az
en
Bu gün: 26 Sentyabr 2017
Muzey əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir
Milli Azərbaycan Tarixinin əməkdaşları davamlı olaraq muzeyi xarici ölkələrdə uğurla təmsil edirlər. Belə ki, muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov cari ilin 2-7 sentyabr tarixlərində Rusiya Federasiyasının Perm şəhərində keçirilən “Tarix. Mədəniyyət. Yaddaş: yeni nəslin baxışı” adlı gənc tarixçi, mədəniyyətşünas və muzey işçilərinin beynəlxalq məktəbində iştirak etmişdir. Tədbir Xaricdə Yaşayan Həmvətənlərlə İş və Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik Nümayəndəliyinin (Rossotrudniçestvo) təşkilatçılığı ilə baş tutmuşdur. Beynəlxalq məktəbin iştirakçıları arasında MDB ölkələrindən olan mədəniyyətşünas, tarixçi və müəllimlər də var idi. Proqram çərçivəsində ekspertlərlə 1917-ci il Oktyabr inqilabının XX əsrin əvvəllərində Rusiyanın tarixi, mədəniyyəti və kilsənin fəaliyyətinə təsiri barədə müzakirələr aparılmış, tarixi mövzuda ekskursiya materialının hazırlanması istiqamətində dərslər keçirilmişdir. Daha sonra Perm diyarının Dövlət Arxivinin materialları əsasında hazırlanmış “Perm 1917-ci il” adlı kitabın təqdimatı keçirilmişdir. Tədbir çərçivəsində gənc alimlər siyasi repressiyalara həsr olunmuş “PERM-36” memorial kompleksi və bu mövzuda hazırlanmış sərgi, Perm Diyarşünaslıq Muzeyi və şəhərdən 300 km. aralıda yerləşən Uralın ən qədim şəhəri Çerdında olmuşlar. Beynəlxalq məktəb “Çətin tarix” adlı dairəvi masa arxasında müzakirələr və gənc alimlər tərəfindən qətnamənin qəbulu ilə sona çatmışdır.
Elanlar