az
en
Bu gün: 26 Sentyabr 2017
Muzey əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər
Sentyabrın 12-də AMEA-nın Əsas binasında “Şərqi və Qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Üç gün davam edəcək konfrans “INOCTE 2017 – “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunub. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Muzeyin Elmi işlər üzrə direktor müavini, t.e.ü.f.d. Nərgiz Əliyeva və Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşları konfransın açılışında iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq konfransın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirdə Şərqi və Qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələri müzakirə olunacaq, müxtəlif mövzularda məruzələr dinləniləcəkdir. Tədbirin sonunda bir qrup alimə təşəkkürnamələr təqdim edilib. İclaslarda azərbaycanlı və türkiyəli alimlərin 100-dən çox elmi məruzəsinin dinlənilib müzakirə olunması nəzərdə tutulur. Beynəlxalq konfrans işini sentyabrın 14-də yekunlaşdıracaq.
Elanlar