az
en
Bu gün: 18 Noyabr 2017
Professor Ə.M.Rəcəbliyə həsr olunmuş elmi sessiya keçirildi
Milli Azərbaycan Tarixi Muzeyində görkəmli tarixçi, numizmat-alim, muzeyin qocaman əməkdaşı, Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin 90 illik yubiley tədbiri keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akad. Nərgiz Axundova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, tarixçilər, arxeoloqlar, muzeyin kollektivi və b. iştirak ediblər. Tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı giriş sözü ilə açaraq qonaqları salamladı və prof. Əli Rəcəblini yubileyi münasibətilə təbrik etdi. O, bildirdi ki, ömrünün yarıdan çoxunu - 64 ilini numizmatika sahəsinə, muzeyə həsr etmiş alim böyük yaradıcılıq yolu keçmiş və uğurlar əldə etmişdir. N.Vəlixanlı qeyd etdi ki, belə gözəl insan və layiqli numizmat alimlə çalışdığımız üçün fəxr edirik. Nailə xanım tarixçi alimə elm yolunda bundan da yüksək zirvələr fəth etməsini və yeni-yeni tədqiqat işləri arzuladı. Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva iştirakçılara yubilyar alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Tədbirdə tarixçi alimə həsr olunan slayd-film nümayiş olundu. Sonra AMEA-nın vitse-prezidenti, akad. İsa Həbibbəyli çıxış etdi. İ.Həbibbəyli prof. Əli Rəcəblinin tarix elmi və numizmatika sahəsindəki tədqiqatlarından, kitablarından danışdı, alimin əldə etdiyi uğurları bir daha iştirakçıların nəzərinə çatdırdı. O, qeyd etdi ki, prof. Əli Rəcəbli illər ərzində qazandığı uğurlara görə, məhsuldarlığının nəticəsi olaraq AMEA-nın prezidenti Akif Əlizadə tərəfindən A.A.Bakıxanov adına medalla təltif olunmuşdur. İ.Həbibbəyli tarixçi alimə tədqiqat işlərinin davamını və tarix elminə yeniliklər gətirməsini arzuladı. Yubilyar alimi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova da təbrik edərək, arxeologiya və numizmatika sahəsində birgə gördüyü işlərdən və əldə olunan uğurlardan bəhs etdi. Sonra yubilyar alimi yaxından tanıyan dostları, həmkarları çıxış edərək onunla bağlı xatirələrini bölüşdülər. Tədbirin sonunda tarixçi alimə xatirə hədiyyələr təqdim edildi. Biz də muzey kollektivi adından bir daha prof. Əli Rəcəblini təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayırırq. Numizmatika sahəsində Azərbaycanın hal-hazırda yeganə numizmat alimi, muzeyin qocaman əməkdaşı prof. Əli Rəcəbli həmkarlarının, kollektivin böyük sevgisini, rəğbətini qazanmış şəxsiyyətlərdəndir. Ömrünun 64 ilini numizmatika elminə və Milli Azərbaycan Tarixi Muzeyinə həsr edən numizmat-alim mənalı ömür və yaradıcılıq yolu keçmiçdir. Bu illər ərzində o, numizmatika sahəsində yeni uğurlar əldə etmiş, tədqiqatlar aparmış və öz sahəsində gənc mütəxəssislər yetişdirmişdir. Professor Əli Məhəmməd oğlu Rəcəbli 2 avqust 1927-ci ildə Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur. Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə numizmatika ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur. 1953-cü ildən etibarən muzeydə kiçik elmi işçi, baş elmi işçi, Numizmatika fondunun mühafizi, bir müddət direktor müavini və direktor əvəzi vəzifələrində çalışmış Əli Rəcəbli hazırda Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika və epiqrafika şöbəsinin müdiridir. 1963-cü ildə "Səfəvilər dövlətində məskukat işi (XVI-XVIII əsrlər)" mövzusunda namizədlik dissertasiyasını, 2000-ci ildə isə "Azərbaycan numizmatikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli müəllim muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, elmi ekspozisiyasının yaradılmasında əsas iştirakçılardan biri olmaqla yanaşı, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) eksponatlarının təyini və tədqiqi işində də bilavasitə iştirak etmişdir. 1970-ci ildə "Fədakar əməyə görə" medalı ilə təltif olunmuş, 1972-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş Əli Rəcəbli Azərbaycan numizmatik abidələrinin toplanılması, pasportlaşdırılması, öyrənilməsi və nəşri sahəsində xüsusi xidmətləri ilə seçilir. Onun səyi nəticəsində rəhbərlik etdiyi və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan muzeyin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları respublikanın vahid numizmatik tədqiqatlar mərkəzi və MDB məkanında ən zəngin numizmatik fondlardan biri sayılır. Prof. Əli Rəcəbli “Azərbaycan numizmatikası”, “Azərbaycan sikkələri”, “Монетное дело азербайджанского государства Сефевидов” və digər kitabların müəllidir. “Fədakar əməyə görə” medalı (1970) və “Tərəqqi” medalı (2010) ilə təltif olunub. “Əməkdar mədəniyyət işçisi” fəxri adına (1972) layiq görülüb. Ə.Rəcəbli Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan pul tariximizin öyrənilməsi, numizmatik materialın toplanması və tədqiqi kimi mühüm problemlərin öyrənilməsi ilə məşğul olmuşdur. 2017-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın prezidenti akad. Akif Əlizadə tərəfindən A.A.Bakıxanov adına medalla təltif olunmuşdur.
Elanlar