az
en
Bu gün: 14 Dekabr 2017
Muzeydə növbəti seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Bilik Fondunun dəstəyi ilə müntəzəm seminarlar təşkil edilir. Növbəti belə seminar “Azərbaycanda etnik multikulturalizmin əsasları” mövzusunda keçirildi. Tədbirdə Azəri Tat Cəmiyyətinin, Dağ Yəhudiləri dini icmasının üzvləri, həmçinin Azərbaycan Universitetinin magistr pilləsinin tələbələri, H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin IX sinif şagirdləri və müəllimləri iştirak etdilər. Tədbiri Muzeyin əməkdaşı Əli Fərhadov açdı və “Azərbaycançılıq – multikulturalizmin əsasıdır” mövzusunda məruzə ilə çıxış etdi. O, Azərbaycanda yaşayan müxtəlif dini, etnik icmaların Azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşərək, mehriban şəraitdə yaşamalarının elmi əsaslarını iştirakçılara izah etdi. Həmçinin qeyd etdi ki, bu mövzuda multikultural, tolerantlıq ideyalarının tədqiq və təbliğ edilməsi dövrün aktual məsələsidir. Daha sonra Azəri Tat Mədəniyyət Mərkəzinin üzvü, t.ü.f.d. Məhəmməd Əliyev, Azərbaycan Dağ Yəhudiləri dini icmasının üzvü Avşalum Danilov öz icmalarının tarixi haqqında məlumat verdilər. Seminarda Muzeyin əməkdaşları da məruzə ilə çıxış etdilər. Belə ki, t.ü.f.d. Fuad Ağayev rus icmasının tarixindən, Sara Əhmədova talışların tarixi və mədəniyyətindən, Zülfiyyə Cəlilova erməni yazıçısı Aleksandr Şirvanzadənin həyat və fəaliyyətindən bəhs etdilər. H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin tarix müəllimi Sevil Nəsibova, Azəri Tat Cəmiyyətinin rəhbəri Elman Əhmədov da bu kimi seminarların məktəblilərin maariflənməsində faydası haqqında çıxış etdi. Sonda iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırıldı.
Elanlar