az
en
Bu gün: 18 Dekabr 2018
Bu il Azərbaycanın ilk ölkəşünaslıq muzeyinin 90 yaşı tamam olur
Azərbaycanın ilk ölkəşünaslıq (diyarşünaslıq) muzeyi 1928-ci ildə Göy-göl (o zamanlar) Xanlar rayonunda açılmışdır. Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov Göy-göl (Xanlar) muzeyinin yaradılması tarixi ilə bağlı maraqlı faktlar və fotoşəkillər aşkar etmişdir. Belə ki, yerli məktəbdə müəllim işləmiş və Yelelnendorfun varlı Hummellər ailəsindən olan Yakov Hummel yerli almanların aşkar etdiyi çoxlu sayda arxeoloji, tarixi, etnoqrafik materialları toplayaraq onlar əsasında muzey açmağı təklif etdi. 1928-ci ilin sentyabrında keçmiş Yelenendorf kilsəsinin binasında açılan muzey elmi əsaslarla təşkil olunduğundan alimlərin diqqətini cəlb etmişdir. 1929-cu ildə Azərbaycan Tədqiq və öyrənmə cəmiyyətinin Xanlar şöbəsi təşkil olundu və muzey ona tabe olundu. Muzeyin yaradıcısı və ilk direktoru Y.İ.Hummel idi. Muzeydə elə unikal materiallar toplanmışdır ki, 1935-1936-cı illərdə muzey SSRİ Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu ilə bir sıra elmi-tədqiqat layihələrini həyata keçirmişdir. 1937-ci ildən muzey SSRİ EA Azərbaycan filialı ilə əməkdaşlıq edirdi, həmin ildə muzeyə rayon statusu verildi. Muzey elə yüksək səviyyədə təşkil olunmuş və elə dərin elmi iş aparırdı ki, 1938-ci ilin fevralından elmi işləri EA Azərbaycan filialı maliyyələşdirirdi. 1939-cu ildə çap olunmuş muzey haqqında buklet bu sahədə ən mükəmməl işlərdən sayılır və hətta SSRİ-nin mərkəzi muzeylərinə də göndərilmişdir. Muzeyin zəngin ekspozisiyasındakı materiallar aşağıdakı bölmələr üzrə nümayiş olunurdu: 1. “Xanlar rayonunun təbii şəraiti” (paleontoloji tapıntılardan tutmuş flora və faunaya qədər); 2. “Tarixdən əvvəlki insan” (arxeoloji materiallar), Türkmənçay müqaviləsinə qədər); 3. “Qədim xalqların dünya anlayışı və müasir dinlər”; 4. “Tarix və etnoqrafiya” (rayon ərazisində yaşayan xalqların maddi-mədəniyyət nümunələri). 5. “Xanlar rayonunda sosializm quruluşu”. 6. “Elmi arxiv və kitabxana”. 1941-ci ildə digər almanlarla birlikdə Y.Hummel də Qazaxstana sürgün olundu. 1940-1950-ci illlərdə muzeydə elmi iş zəiflədi, burada olan eksponatların müxtəlif sərgilərə səpələnmə təhlükəsi yarandı. 1955-ci ildə eksponatların bir qismi Azərbaycan Tarixi Muzeyinə verildi, qalanları Xanlar diyarşünaslıq muzeyində qaldı.
Elanlar