az
en
Bu gün: 14 Noyabr 2018
Muzeyin əməkdaşı müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq elmi-tarixi mövzularda müsahibə verir, maarifçi çıxışlar edirlər. Belə ki, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov “CBC” kanalına müsahibə verib. Tarixçi müsahibəsində bildirib ki, bu ilin may ayında Bakıda Qazaxıstan zərgərlik sənətinin 140-a yaxın nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi nümayiş olunacaq. Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Milli Muzeyi arasında əldə olunmuş razılaşmaya əsasən, Bakıda “Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” adlı sərgi keçiriləcək. S.Əhmədov bildirib ki, bu materiallar tarixdə ilk dəfə Azərbaycana gətiriləcək. Tamamilə qızıldan düzəldilmiş paltar geyinən sak döyüşçüsü “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açıb. «Qızıl adam» hazırda Qazaxıstanın tarixinin və mədəniyyətinin simvollarından biridir. Belə ki, bu abidə e.ə. V - IV əsrlərə aiddir. İlk dəfə olaraq 1969-cu ildə qazaxıstanlı arxeoloq Kamal Akişev tərəfindən aşkarlanıb. Ondan sonra qazıntılar davam etdirilib, 2017-ci ilədək 8 belə böyük tapıntı müəyyənləşdirilib. S.Əhmədova görə, bu, Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişib. 2 metr 28 sm. hündürlüyündə, "Qızıl adam" adı ilə məşhur olan tapıntı hökmdara aid əşyalardan ibarətdir. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, yazı fraqmentləri də aşkar olunub. Bu tapıntıların əhəmiyyəti ondan ibarətdir ki, onlar qədim türk tayfalarının mədəniyyətinin yüksək səviyyədə olduğunu sübut edir. S.Əhmədov qeyd edib ki, bu əşyalar Azərbaycanın qədim tunc dövrünə aid əşyaları ilə oxşardır. Azərbaycan ərazisində də qədim dövrlərdə skif, sak, sarmat tayfaları məskunlaşıblar. Yerli arxeoloqların aşkarladığı tapıntılar onu göstərir ki, türk xalqlarının mdəniyyətində oxşar cəhətlər çoxdur. Qazaxıstandan gətirilən materiallar sərgilənəndə onların Azərbnaycanda tapılmış analoqları da nümayiş olunacaq. Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin Şərq zalında keçiriləcək və 3 ay davam edəcək.
Elanlar