az
en
Bu gün: 14 Noyabr 2018
Muzey əməkdaşları kitab müzakirəsində iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq yeni nəşr olunan kitabların müzakirəsində iştirak edirlər. Belə ki, mərhum tarixçi-arxeoloq, professor İlyas Babayevin (1935-2017) "Numizmatika üzrə məqalələr toplusu" (rus dilində, Bakı: 2017, CBS production, 142 s.) əsərinin müzakirəsində Muzeyin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., prof. Əli Rəcəbli və şöbənin elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova da çıxış ediblər. Tədbir 7 mart 2018-ci ildə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşəbbüsü ilə keçirilmişdir. Prof. İlyas Babayevə həsr edilmiş video-çarxın nümayişindən sonra "1905.az KİTABI" seriyasında işıq üzü görmüş, t.e.d., prof. İlyas Babayevin (1935-2017) "Numizmatika üzrə məqalələr toplusu" (rus dilində, Bakı: 2017, CBS production, 142 s.) əsəri müzakirə edilmişdir. 27 dekabr 2017-ci ildə dünyasını dəyişmiş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., prof. İlyas Atababa oğlu Babayev Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biri olmuşdur. Alimin dünyanın müxtəlif şəhərlərində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Geongu, Roma, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda etdiyi maraqlı məruzələrində, müxtəlif dillərdə işıq üzü görmüş əsərlərində, Azərbaycanın antik dövr tarixinin bir sıra aktual problemləri işıqlandırılmış, bır sıra yerli və beynəlxalq arxeoloji ekspedisiyalarda əldə etdiyi yeniliklər əks olunmuşdur. Azərbaycan arxeologiyasında dərin və unudulmaz iz qoymuş prof. İlyas Babayev haqqında xatirələrini bölüşən iştirakçılar, Qafqaz Albaniyasının Sasanilər İranı ilə qarşılıqlı əlaqələri, ellin dövrünə aid Qəbələ dəfinəsi, sikkəyəqədərki mübadilə vasitələri, qədim Azərbaycanda sikkə zərbinə aid məsələlərin araşdırıldığı topluda bir sıra vacib problemlərin açıqlandığını və alimin antik Azərbaycan sikkələrini “özününküləşdirmək” istəyən bədnam tədqiqatçılara daim elmi əsaslarla cavablar verdiyini xüsusi qeyd etdilər. İlyas müəllimin yüksək insani keyfiyyətlərinin gələcək nəsillərə örnək olduğunu vurğulayan alimlər, onun araşdırılmağa layiq irsindən bəhs etdilər. Müzakirədən sonra Region TV-nin layihəsi olan, görkəmli alimin həyat və yaradıcılığından bəhs edən, 80 illiyi münasibətilə çəkilmiş “Regionun fəxri” filmi nümayiş etdirildi. İştirakçılara “İlyas Babayev (1935-2017). Atamın sağlığında” (Tərtibçi: F.İ.Babayev. Bakı: 2018, CBS mətbəəsi, 80 s.) kitabçası hədiyyə edildi. Bu il martın 23-də görkəmli alimin 83 yaşının tamam olması ilə əlaqədar onun barəsində xatirələrin və bir sıra əsərlərinin nəşri nəzərdə tutulur.
Elanlar