az
en
Bu gün: 28 May 2018
Muzeydə “Sualtı arxeoloji ekspedisiya-50, V.Kvaçidze-85” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində sualtı arxeoloji ekspedisiyanın yaradılmasının 50-ci, həmin ekspedisiyaya rəhbərlik etmiş Viktor Aleksandroviç Kvaçidzenin anadan olmasının 85-ci ildönümü münasibətilə elmi seminar keçirilib. Seminarda arxeoloqlar, tarixçi alimlər, muzey əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq Muzeydə 1968-ci ildə fəaliyyətə başlayan sualtı arxeoloji ekspedisiyanın tarixindən və ona rəhbərlik edən Viktor Kvaçidzenin bu ekspedisiyadakı rolundan danışdı. Nailə xanım bildirib ki, V.Kvaçidzenin sualtı arxeoloji tədqiqatları nəticəsində Muzeydə və Azərbaycan tarix elmində yeni bir ixtisas sahəsinin əsası qoyulmuş, tariximizin öyrənilməsinə yeni töhfələr verilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası və fondu sualtı arxeoloji materiallar hesabına zənginləşmişdir. Sonra arxeoloq Viktor Kvaçidzenin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d Nasir Quluzadə foto -slaydın nümayişi ilə “Xəzər akvatoriyasında sualtı arxeoloji tədqiqatlar və Viktor Kvaçidze” adlı məruzə ilə çıxış edib. O bildirib ki, suda aparılan arxeoloji tədqiqatlar, quruda aparılan analoji tədqiqatlardan tədqiqat üsullarına və maddi texniki bazasına görə əsaslı şəkildə fərqlənir. Şükürlər olsun ki, ölkəmizin sosial-iqtisadi durumu, ən əsası isə ölkə rəhbərliyinin digər sahələrə olduğu kimi elmi tədqiqatlara da daima dəstək olması sualtı arxeoloji tədqiqatların yenidən bərpa edilməsini bir zərurətə çevirir. Sonra tarixçi alimlər t.ü.f.d Qoşqar Qoşqarlı, t.ü.e.d. Tarix Dostiyev çıxış edərək arxeoloqla bağlı xatirələrini bölüşüblər. Tədbirdə bildirilib ki, Xəzər akvatoriyasında sualtı arxeoloji tədqiqatlar tarixində Viktor Kvaçidze silinməz izlər buraxib. Onun rəhbərlik etdiyi ekspedisiya zamanı əldə olunan arxeoloji maddi mədəniyyət nümunələri Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasını və fondlarını zənginləşdirib. Hazırda Muzeydə 4165 ədəd sualtı arxeoloji ekspedisyanın tapıntısı mühafizə olunur. Muzeyin Qədim və orta əsrlər dövr ekspozisiyasında “Xəzər atlantidası” bölməsində sualti arxeoloji ekspedisiyalar zamanı əldə olunmuş 129 ədəd material nümayiş olunur. Onu da qeyd edək ki, muzeydə 1988-ci ildə Sualtı arxeologiyanın 20-ci, 28 dekabr 2009-18 yanvar 2010-cu illərdə isə 40-cı ildönümü münasibətilə sərgi keçirilib.
Elanlar