az
en
Bu gün: 14 Noyabr 2018
Muzeydə “Millət sizə minnətdardır!” adlı sərginin açılış mərasimi keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Şərq zalında “Millət sizə minnətdardır!” sərgisinin açılış mərasimi olub. Qafqaz İslam Ordusu və Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinin birgə səyləri ilə təşkil olunub. Sərginin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşları, Azərbaycanda akreditə olunmuş səfirliklərin əməkdaşları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər. Sərginin açılış mərasimində ilk öncə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirildi. Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış etdi. Nailə xanım ortaq türk tarixinin öyrənilməsi istiqamətində 100 il əvvəl Bakının azad edilməsində Azərbaycan Ordusu ilə birgə Türkiyənin Qafqaz İslam Ordusunun rolunun tədqiqinin və təbliğinin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, türkün türkə sadiqliyi, dostluğu bizə əcdadımızdan miras qalıb. Akademik Nailə Vəlixanlı muzeyin Şərq zalında bu günkü sərginin açılış mərasiminin keçirilməsinin əhəmiyyəti vurğuladı. Bildirdi ki, əlamətdar haldır ki, 100 il əvvəl bu zalda H.Z.Tağıyev başda Nuru paşa olmaqla Qafqaz İslam Ordusunun komandanlığı şərəfinə ziyafət vermişdir. Akademik Nailə xanım Azərbaycanın istiqlalı üçün mübarizə aparan türk əsgərinə öz təşəkkürünü bildirdi və sərginin adının da bu minnətdarlığın simvolu olduğunu qeyd etdi. Sonra AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış etdi. O, bu kimi tədbirlərin təşkilinin əhəmiyyətini qeyd etdi və türk-Azərbaycan qardaşlığının, 100 il əvvəlki qəhrəmanlıqlarının bu günkü gənc nəsilə bir nümunə olduğunu bildirdi. Daha sonra Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış etdi. Cənab səfir bu tədbirdə iştirak etməkdən razı qaldığını, türk əsgərinin Azərbaycanın istiqlalı uğrundakı mübarizəsinin ortaq türk-Azərbaycan qardaşlığının, dostluğunun rəmzi olduğunu ifadə etdi. Sonra Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə çıxış edərək, türk-Azərbaycan dostluğunun, qardaşlığının möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin rolunu qeyd etdi. “Biz tariximizin xidmətçiləriyik” deyən professor Dilarə Seyidzadə gəncləri Cümhuriyyət qurucularının həyat və fəaliyyətini, tariximizi daha dərindən öyrənməyə və təbliğə çağırdı. Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Ən sonda sərgi iştirakçılarına furşet verildi. Sərgidə 1918-ci ildə Azərbaycanda baş vermiş hərbi-siyasi hadisələr, o cümlədən Bakı Sovetinin anti-Azərbaycan siyasəti, azərbaycanlıların soyqırımı, Qafqaz İslam Ordusunun yaradılması və Bakının azad edilməsi ilə nəticələnmiş iyun-sentyabr yürüşü əyani şəkildə nümayiş etdirilir. Sərgidə Muzeyin Silahlar və bayraqlar fondu, Xatirə əşyaları və hədiyyələr fondu, Köməkçi tarixi fənn materialları fondundan 120-dən artıq unikal tarixi eksponat tamaşaçılara təqdim edilir. Onlar sırasında türk və Azərbaycan döyüşçülərinin silah və ləvazimatı, Bakı Soveti, Sentrokaspi Diktaturası və ingilis qoşunlarının silahları, döyüş yerlərində tapılmış artefaktlar, azərbaycanlı döyüşçülərin təltif olunduğu osmanlı ordenləri, həmçinin Qafqaz İslam Ordusuna həsr olunmuş kitab və kataloqlar nümayiş etdirilir. Həmçinin sərgidə rəssam və heykəltəraş Əjdər Qafarovun hazırladığı “Nuru paşa” və “Həbib bəy Səlimov” büstləri, türk və Azərbaycan sərkərdələrinin portretləri göstərilir. Hərbi-siyasi hadisələrin xronoloji ardıcıllıqla təqdim edilməsi məqsədilə sərgidə 14 informasiya-məlumat panelləri üzərində mətnlər, 100-ə yaxın fotoşəkil, dövrün şairlərinin şerlərindən parçalar, döyüşlərin xəritəsi, döyüş səhnəsi təsvirləri hazırlanmışdır. Dövrün şairlərinin əsərlərində Azərbaycanın istiqlalı uğrunda həlak olmuş türk və Azərbaycan döyüşçülərinin qanları Azərbaycan çöllərini yazda bəzəyən lalələrə bənzədilir. Sərginin ümumi tərtibatında bu element xüsusi olaraq istifadə edilmişdir. Sərginin kuratoru Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovdur. Sərgi 14 dekabr 2018-ci il tarixinə qədər davam edəcək.
Elanlar