az
en
Bu gün: 19 Oktyabr 2018
Muzeyin yeni kitab-albomu işıq üzü görmüşdür
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş kitab-albomu işıq üzü görüb. Elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, koordinatoru t.ü.f.d. Nasir Quluzadə, Muzey əməkdaşları t.ü.f.d. Səbuhi Əhmədovun, Emin Məmmədovun və Nurəngiz Qarayevanın həmmüəllifliyi ilə işıq üzü görmüş bu kitab-albomda Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında qorunan bəzi silah nümunələri haqqında müfəssəl məlumat verilmişdir. Həmin numunələrin bir qismi XX əsrin 20-80-ci illərində Muzeyin nəzdində Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələrinə, eləcə də Xəzər dənizi hövzəsinə təşkil edilmiş arxeoloji ekspedisiyaların tapıntılarıdır. Bundan əlavə həmin silahlar arasında Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin, AMEA-nın Tarix İnstitutunun və digər elmi-tədqiqat mərkəzlərinin göstərilən illərdə həyata keçirdiyi arxeoloji axtarışlar zamanı tapılmış nümunələr də yer almışdır. Bundan savayı, kitab-albomda Daşkəsən, Lənkəran, Qazax, Naxçıvan və Azərbaycanın digər bölgələrində təsadüfi tapılmış silahlar haqqında da məlumat verilmişdir. Ümumilikdə, kitab-albomda hərb işində, eləcə də digər sahələrdə istifadə edilmiş 82 ədəd arxeoloji tapıntı işıqlandırılmışdır. Tapıntılar həm silahlardan, həm də hərbi təyinatlı yardımçı vasitələrdən ibarətdir. Silahlara qılıncları, xəncərləri, bıçaqları, döyüş yabalarını, nizə və ox ucluqlarını, baltaları və digər nümunələri misal göstərmək olar. Yardımçı vasitələrə isə döyüş silahlarının qəlibləri, kəmərlər, dəbilqələr, oxatanlara məxsus üzüklər və s. nümunələr aiddir. Bu silahlar hücum və müdafiə təyinatlı olmaqla, daş, metal, sümük və gil tərkiblidirlər. Onlardan qədim Daş dövründən orta əsrlərədək böyük bir zaman kəsiyində istifadə edilmişdir. 300 tirajla nəşr edilmiş kitab-albom tarix, hərb, arxeologiya və digər sahələrdə çalışan mütəxəssislər və sıravi oxucular üçün nəzərdə tutulmuşdur.
Elanlar