az
en
Bu gün: 17 Dekabr 2018
Muzeyə Azərbaycanın Milli Qəhrəmanı S.İmanova məxsus materiallar daxil olub
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarına vətənimizin tarixi, qəhrəmanlıq keçmişimizlə bağlı müxtəlif materiallar daxil olmaqdadır. Muzeyə yeni daxil olmuş materiallar Azərbaycanın Milli Qəhrəmanı Samid İmanova məxsusdur. Samid İmanov Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Samid Gülağa oğlu İmanov 1981-ci ilin 14 oktyabr tarixində Neftçala rayonunda anadan olub. S.İmanov müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib. S.İmanov həm də bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıtdı, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra etdi. Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı. Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası aldı və qəhrəmancasına həlak olmuşdur. Aprelin 9-u isə mayor S.İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salındı. 2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Qeyd edək ki, Milli Qəhrəman, şəhid mayor Samid İmanovun hərbi geyimi şəhidin valideynləri ilə Neftçalada görüşən muzeyin əməkdaşları - t.ü.f.d. Əli Fərhadov və Gülnar Mirzəyeva tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmişdir. Hərbi geyim muzeyin Hədiyyələr və xatirə əşyaları fonduna verilmişdir. Gənclər Fondunun dəstəklədiyi "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!" layihəsi çərçivəsində muzey əməkdaşlarının iştirakı ilə şəhidin valideyinlərinin məktəblilərlə görüşü təşkil ediləcəkdir.
Elanlar