az
en
Bu gün: 25 Aprel 2019
Muzeydə “Путешествие в прошлое” (“Keçmişə səyahət”) kitabının təqdimatı keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “H.Z.Tağıyev klubu”nun növbəti tədbiri keçirilib. Tədbir geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səidə Miri-zadənin “Путешествие в прошлое” (“Keçmişə səyahət”) kitabının (Bakı, “Şərq-Qərb”, 2018, 224 səh.) təqdimatı mövzusunda olub. Tədbirdə H.Z.Tağıyev nəslinin nümayəndələri, Ombudsman təşkilatı nəzdində Azərbaycan Uşaq və Gənclərin sülh şəbəkəsinin üzvləri, KİV nümayəndələri də iştirak ediblər. Tədbiri açan Muzeyin Elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarov bildirib ki, bu, “H.Z.Tağıyev klubu”nun 2019-cu ildə ilk görüşüdür. Kitab təqdimatı H.Z.Tağıyevin kiçik qızı Sürəyya Abdullayevanın ömür yoluna həsr olunub. Sağlığında “Millət atası” adlandırılan H.Z.Tağıyevin irsini araşdırmaq, tədqiq və təbliğ etmək böyük şərəfdir. S.Miri-zadənin kitabı da Sovet repressiyalarını, 1920-1930-cu illəri anlamaq baxımından əhəmiyyətlidir, canlı tarixdir. Daha sonra F.Cabbarov sözü təqdimatı keçirilən kitabın müəllifi S.Miri-zadəyə verdi. Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru S.Miri-zadə müəllifi olduğu “Путешествие в прошлое” (“Keçmişə səyahət”) kitabı haqqında geniş məlumat verib. Slaydla müşayiət olunan çıxışda görkəmli xeyriyyəçinin həyatı, ailəsi, nəslinin davamçıları haqqında bəhs edib. S.Miri-zadə bildirib ki, böyük xeyriyyəçi H.Z.Tağıyevin kiçik qızı Sürəyya Abdullayevanın ömür yoluna həsr olunmuş kitabda nadir sənədlər, fotoşəkillər, xatirələr toplanıb. Müəllif kitabın Azərbaycan dilindəki nəşrinin də hazırlandığını deyib. S.Miri-zadə H.Z.Tağıyevin bir əlində Quran, bir əlində qəzet tutduğu fotoşəklini nümunə göstərərək, gəncləri H.Z.Tağıyevin yolunda olmağa, onun irsini davam etdirməyə səsləyib. Daha sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib, H.Z.Tağıyevə və ailəsinə həsr olunmuş kitabın nəşr edilməsini müsbət addım adlandırıb. Qeyd edib ki, bu kitabın nəşri sələflərimizin xatirəsinin yaşadılması üçün vacibdir, təqdirəlayiq addımdır. Muzeydə də H.Z.Tağıyevin adı yaşadılır, xatirə muzeyi fəaliyyət göstərir. Həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar qorunur. Sonra jurnalist Nadejda İsmayılova çıxış edib. H.Z.Tağıyev haqqında ilk verilişlərin hazırlanmasında və bu kitabın ərsəyə gəlməsində özünün rolu haqqında danışıb. Kitabın müəllifinə bu qiymətli əsərə görə təşəkkür edib. Həmçinin bildirib ki, H.Z.Tağıyev sovet hakimiyyətinin ilk illərində təqib və təzyiqlərə baxmayaraq, vətənini tərk etmədi, vəfatına qədər Azərbaycanla bağlı oldu. Onun bu vətənpərvər addımı hər kəs üçün nümunə olmalıdır. Sonra rəssam Arif Hüseynov, kolleksioner Bəhruz Hüseynzadə çıxış edərək, H.Z.Tağıyev irsinin yaşadılmasının vacibliyindən, onun haqqında filmlər, seriallar çəkilməsinin önəmindən danışıblar. Muzey rəhbərliyinə bu qiymətli tədbirə ev sahibliyi edib, H.Z.Tağıyevin adını yaşatdıqları üçün təşəkkür ediblər. Daha sonra H.Z.Tağıyevin nəticəsi Nazim Abdullayev çıxış edib. Sovet hakimiyyəti illərində H.Z.Tağıyevin adının qadağan edildiyini, nəslinin repressiyalara məruz qaldığını bildirib. İndiki müstəqillik illərində isə bu müstəqilliyin əsasını qoyanlardan biri olan H.Z.Tağıyevə daha çox yer ayrılması gərəkdiyini qeyd edib. Sonra iştirakçıların sualları çıxışçılar tərəfindən ətraflı cavablandırılıb. H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş növbəti tədbirlərin klub tərəfindən mütəmadi keçiriləcəyi bildirilib. Sonda “Путешествие в прошлое” (“Keçmişə səyahət”) kitabı müəllif S.Miri-zadənin imzası ilə iştirakçılara hədiyyə edilib.
Elanlar