az
en
Bu gün: 25 Mart 2019
Muzeydə Azərbaycanın görkəmli maarifçi qadınları geniş işıqlandırılır
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya zallarında və fondlarında Azərbaycanın milli qadın təhsili tarixi və görkəmli maarifçi qadınları geniş təbliğ olunur. Bunlara misal olaraq, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın yaradıcılığını göstərə bilərik. O, xalqın yaddaşında yalnız lirik şeirləri ilə deyil, böyük ictimai fəaliyyəti, o cümlədən Şuşaya, «Xan qızı bulağı» adı ilə məşhur olan bulaq suyunu çəkdirməsi ilə qalmışdır. Muzeydə şairənin şəxsi əşyaları, əl işi olan bədii tikmələri nümayiş etdirilir. Bunlar nəinki muzeyin, bütövlükdə Azərbaycan incəsənətinin inciləri sayıla bilər. Həmçinin muzeydə sərgilənən maarifçilik tariximizdə bir ilk olan H.Z.Tağıyevin rus-müsəlman qız məktəbini təsvir edən fotoşəkilləri və tarixi məlumatları nümunə göstərə bilərik. Məktəbin direktoru Hənifə xanım Məlikova H.Zərdabi ilə birlikdə Azərbaycanda milli qadın maarifçiliyində böyük rol oynamışdır. XX əsrin əvvəllərində ilk qadın mətbu orqanı sayılan “İşıq” qəzetinin nüsxələri də Muzeydə qorunur. Qəzetdə qadınlara şəriət və dünyəvi maarifçilik sahəsində geniş məlumatlar verilirdi. Qadınlar üçün olan bu ilkq qəzetin nəşrinin maddi dəstəkçisi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi. Redaktoru Xədicə xanım Əlibəyova, naşiri Mustafa bəy Əlibəyov idi. Azərbaycan qadınlarının maarif və mədəniyyət sahəsində ortaya qoyduqları bu nümunələr onların tarix boyu milli mədəni inkişafımızdakı töhfələrinə sübut sayıla bilər, tədqiq və təbliğ edilməsi də gənc nəsillər üçün əhəmiyyətlidir. Muzeyin qadın əməkdaşlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə də təbrik edirik.
Elanlar