az
en
Bu gün: 23 May 2019
Muzeyin nadir tarixi kitab incisi
Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasına yeni nadir kitablar təqdim edilmişdir. Bu kitablar görkəmli Azərbaycan şərqşünası, tarixçi, arxeoloq, t.e.n. Əjdər Ələsgərzadənin (1895-1964) şəxsi arxivindən olub, onun qızı, Muzeyin Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova tərəfindən hədiyyə edilmişdir. Kitabların içində məşhur müsəlman tədqiqatçısı, mərvli Əbdülkərim bin Məhəmməd əs-Səmaninin (1113-1166) “Kitab əl-ənsab” (“Nəsəblər kitabı”, ərəbcə) əsəri (Haz: E.J.W.Gibb. Leiden, 1912) də var. əs-Səmani öz dövründə “Xorasan bölgəsinin ustası və mühəddisi”, tarixçi və hədis hafizi sayılmışdır. “əl-Ənsab” müəllifin ən məşhur əsəri olub 1155-ci ildə Səmərqənddə yazılmağa başlanmışdır. Əsərdə qəbilələrin nəsəbi ilə birlikdə şəhər, ölkə, məzhəb, məslək kimi mənsubiyyətlər də əsas alınmışdır. Əsərdə 5348 nisbə əlifba sırası ilə verilmişdir. Qeyd edək ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyevanın 2010-cu ildə “Əs-Səmaninin “Kitab əl-Ənsab” əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi” monoqrafiyası (Bakı, Şərq-Qərb nəşriyyatı, 2010, 220 s.) çap olunmuşdur.
Elanlar