az
en
Bu gün: 19 Sentyabr 2019
Azərbaycan qalalarına həsr olunmuş yeni kitab işıq üzü görüb
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun həmmüəllifliyi ilə “İRS Publishing House” tərəfindən “Daş keçikçilər” kitabı çap olunub. Digər həmmüəllif - tanınmış Rusiya publisist və jurnalisti Andrey Vasilyevdir. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kitab “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə hazırlanıb və nəşr edilib. Layihənin rəhbəri və baş redaktor Musa Mərcanlı, kitabın məsləhəçisi Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, elmi məsləhətçiləri AMEA-nın müxbir üzvü Cəfər Qiyasi və tarix elmləri doktoru Tarix Dostiyevdir. 15 fəsildən ibarət kitabda Azərbaycan tarixi Azərbaycan qalaları prizmasından verilib. Belə ki, hər tarixi dövrə aid hadisələr həmin dövrdə mövcud olmuş ən tanınmış qalanı təqdim etməklə göstərilir. Kitabda tarixi qalaların fotoları, rəsm və sxemləri, eləcə də ilk dəfə olaraq 15 qalanın 3D bərpası yer almışdır. Kitabın vacib xüsusiyyətlərindən biri təkcə Azərbaycan Respublikasının deyil, Cənubi Azərbaycan ərazisində mövcud olmuş qalalar haqqında da məlumat verilməsidir. Kitabda S.Kivrin, F.Qasımlı, Ə.Xudiyev, A.Qolovanov kimi tanınmış fotoqrafların işlərindən başqa, tədqiqatçılar Vilayət Kərimov, Cəfər Qiyasi, Hüseyn Ciddi, Nəsib Muxtarov tərəfindən hazırlanmış bərpa layihələri istifadə edilmişdir. Kitabın geniş ictimaiyyətə təqdimatı aprelin 18-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel Baku”də keçirilib.
Elanlar