az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə “Qisası qiyamətə qoymayan igid!” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qisası qiyamətə qoymayan igid!” adlı tədbir keçirilib. Nərimanov rayon Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbin şagirdlərinin təqdimatı ilə olan tədbir “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəblilər, muzey işçiləri, gənc alimlər, şəhid yaxınları və KİV nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbin direktoru Tahirə Şükurova iştirakçıları salamladı. Bildirdi ki, məktəblərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanları, qaziləri təbliğ etmək sahəsində bir çox silsilə tədbirlər, sərgilər keçirilir. Bu istiqamətdə 39 №-li məktəbin kollektivi fəal tədbirlər keçirir, şəhid ailələri mütəmadi ziyarət edilir. Sonra 39 №-li tam orta məktəbin şagirdləri “Xalq qəhrəmanları ilə tanınır” mövzusunda çıxış edib, səhnəciklər təqdim ediblər. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun sözləri və Milli Qəhrəmanın məktubu oxunub, Mübariz İbrahimova həsr olunmuş bədii kompozisiya, videoçarx nümayiş olunub. Aprel döyüşləri haqqında şagirdlər çıxış edib Vətənə sədaqət andı içiblər. Bədii hissədən sonra Muzeyin əməkdaşı, t.ü.f.d. Bəhman Kərimov çıxış edib bildirdi ki, şəhidlərin, Qarabağ qazilərinin eksponatları ekspozisiyada nümayiş olunur. Şagirdlər bu istiqamətdə öz biliklərini artırmalı, vətənpərvər ruhda yetişdirilməlidir. Bu sahədə Muzey və təhsil qurumları birgə fəaliyyət göstərirlər. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Nərimanov rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid yaxınları da çıxış edib, məktəbliləri vətənpərvərliyə, şəhid və qazilərimizdən nümunə götürməyə çağırıblar. Sonda Milli Qəhrəman Mübariz İbrahimovun məzarı iştirakçılar tərəfindən ziyarət edilib.
Elanlar