az
en
Bu gün: 18 Sentyabr 2019
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edib
Türkiyə Respublikasının Konya şəhərində 25-27 aprel tarixlərində “II. Beynəlxalq Türk Sənəti, tarixi və folkloru konqresi / sənət etkinlikləri (fəaliyyəti)” adlı IV beynəlxalq konfrans keçirilib. Konfrans Səlcuqlu Universiteti və Konya Böyük Şəhər Bələdiyyəsi tərəfindən təşkil edilib. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) ekspozisiya üzrə direktor müavini, t.ü.f.d., dos. Həbibə Əliyeva konfransda iştirak edib. Həbibə xanım slaydların müşayiəti ilə “Səlcuqlu sənətinin Şirvan memarlığındakı izləri” adlı elmi məruzə ilə çıxış edib. Məruzədə XI-XV əsrlərə aid Şirvan türbələrinin kitabələri və memarlıq üslublarının Səlcuqlu dövründə inşa olunan digər ölkələrdəki türbələrlə bənzərliyi mövzusu təqdim edilib. Dos. H.Əliyeva 2011-ci ildən Səlcuqlu Universitetinin MATM ilə birlikdə təşkil etdiyi beynəlxalq konfransların və Türk əl sənətləri sərgisi ənənəsinin davam etməsi təklifini irəli sürüb. Dos. H.Əliyeva Muzeyin nəfis nəşrlərini Səlcuqlu Universitetinin kitabxanasına təqdim edib. O cümlədən, Səlcuqlu Universiteti tərəfindən 2019 “Türkiyə Azərbaycan Bilimsəl İşbirliğinə Qatqı Ödülü (mükafatı)” adlı Mövlanənin kiçik heykəli və Universitetin nəşrləri dos. H.Əliyevaya hədiyyə edilib. Konfrans iştirakçılarına təşəkkürnamələr də verilib. Sonda Konfrans iştirakçıları Konyadakı tarixi abidələri, o cümlədən Mövlanə məqbərəsini və məscidini ziyarət ediblər. Konfransın tezisləri nəşr edilib.
Elanlar