az
en
Bu gün: 23 Sentyabr 2019
Arxeologiya elmi fond şöbəsi yeni ekspozisiyanın qurulması işlərində yaxından iştirak edir
Məlum olduğu kimi 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd ediləcəkdir. Bu məqsədlə Muzeyin bütün struktur bölmələri yubileyə hazırlıq işlərinə cəlb edilmişdir. Belə bölmələrdən biri də Arxeologiya elmi fond şöbəsidir. Arxeologiya elmi fond şöbəsi cari ilin iş planına, eləcə də muzey rəhbərliyinin xüsusi tapşırıqlarına əsasən yeni qurulacaq ekspozisiya üçün müvafiq mövzular üzrə panel mətnlərini hazırlamaqla, yeni ekspozisiya üçün materiallar toplamaqla, elmi-kütləvi məzmunlu kitabçalar ərsəyə gətirməklə məşğuldur. İndiyə kimi ekspozisiyanın daş və tunc dövrlərini aid tapıntıların nümayiş olunduğu zallar üçün panel mətnləri hazırlanmışdır. Digər, antik və orta əsrlər dövrlərini təqdim edən zalların panel mətnləri üzərində işlər yekunlaşmaq üzrədir. Bundan əlavə yeni ekspozisiyanın daş dövrü zalında nümayiş üçün yüzə yaxın eksponat seçilmişdir. Onların arasında yeni tapıntılar da yer alıb. Ekspozisiyanın digər zalları üçün də materialların seçilməsi və yeni tapıntıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Bundan əlavə ekspozisiyada nümayiş olunacaq materiallar bərpa və konservasiya işlərinə də cəlb olunur. Nəşri gözlənilən kitabçaların mövzularını isə “Xəzər Atlantidasının yadigarları” və “Sehirli çıraq” təşkil edir. Hər iki kitabçanın mətnləri redaktəyə təqdim edilmiş, ingilis dilinə tərcümə olunması üçün imkanlar araşdırılır. Bütün bu işlərlə yanaşı, Arxeologiya fondunda inventarizasiya işləri yerinə yetirilir. Fondda materialların qablaşdırılması, qeydiyyatı və pasportlaşdırılması işləri də uğurla həyata keçirilir. Son 6 ay ərzində yüzlərlə arxeoloji material fond işlərinə cəlb edilmişdir.
Elanlar