az
en
Bu gün: 18 Sentyabr 2019
18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunub
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il ICOM tərəfindən “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi elan olunub. Bu əlamətdar gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə ölkəmizdə də təntənəli şəkildə keçirilir. Ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər. AMEA Milli Azərbaycan Tarixi Muzeyi də öz nəfis tərtibli nəşrləri və video-slaydla bu tədbirdə iştirak edir. Tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, dövlət rəsmiləri, muzey direktorları və nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə foyedə müxtəlif muzeylərin fəaliyyətini əks etdirən interaktiv lövhələr və nəşrlərlə tanış olublar. Tədbiri giriş sözü ilə Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova açaraq, gələn qonaqları salamladı və bütün muzey əməkdaşlarını 18 may Beynəlxalq Muzeylər günü münasibətilə təbrik etdi. Sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, beynəlxalq muzeylər gününün yaradılması mədəni irsimizin qorunmasında, dünya ölkələrində mədəniyyətimizin, tariximizin tanıdılmasında, mədəni mübadilə və əməkdaşlığın inkişafında mühüm əhəmiyyət daşıyır. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Hörmətli nazir Ə.Qarayev çıxışında qeyd edib ki, Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov da çıxış edib, bu əlamətdar gün münasibətilə muzey işçilərini təbrik ediblər. Bildirilib ki, Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir. Sərgi Bulvar AVM-nin I mərtəbəsində 3 gün - 17-19 may tarixlərində davam edəcək.
Elanlar