az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının 120 illiyinə (1899-1991) həsr olunmuş xatirə tədbiri keçirilib
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının 120 illiyinə (1899-1991) həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə tarixçi alimlər, muzey əməkdaşları, Sara Tağıyevanın ailə üzvləri və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Muzeyin Elmi katibi, t.ü.f.d. dos. Fərhad Cabbarov açaraq, Sara xanım Tağıyevanın həyat yolu, çəkdiyi məhrumiyyətlər və muzeyin fondlarında ona aid qorunan zəngin sənədli materiallar haqqında danışıb. Qeyd edib ki, o, 1899-cu ildə, may ayının 20-də atasının mülkündə, Muzeyin indiki binasında anadan olub, sovet hakimiyyətinə qədər burada yaşayıb, buradan da son mənzilə yola salınıb. Məlumdur ki, sovet hakimiyyətinin ilk dövrlərindən etibarən Azərbaycanda sahibkarlara qarşı təqiblər başlanmışdı. Bu hadisələr H.Z.Tağıyevdən də yan keçməmişdir. H.Z.Tağıyevin xeyriyyəçilik əməlləri də nəzərə almayaraq, adı qara siyahıya salınmış, barəsində danışmağa belə qadağalar qoyulmuşdur. Bu qadağalara baxmayaraq, totalitar rejim dövründə Sara Tağıyeva həyatının böyük hissəsini atasının xeyriyəçilik əməllərinin tanıdılmasına həsr etmişdir. Lakin Sara xanım atasının xatirəsini yaşatmaq, onun repressiyaya uğramış ad və nüfuzunu bərpa etmək üçün bir çox məhrumiyyətlərə dözmüş, Tağıyev irsini təbliğ etmiş və sonda buna nail olmuşdur. Sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib, Sara xanımın görkəmli akademik Ziya Bünyadovla görüşlərindən, bu mövzudakı xatirələrindən bəhs etdi. Bildirdi ki, Sara xanım atasının milli, mədəni inkişafımızdakı rolunu üzə çıxartmaq istəyirdi. “Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva çıxış edib qeyd etdi ki, XIX əsrin sonunda rusdilli “Kaspi” qəzetinin milliləşməsində H.Z.Tağıyevin böyük rolu olub. Görkəmli xeyriyyəçinin “Kaspi” qəzetinin mətbəəsini almasından sonra Əlimərdan bəy Topçubaşovun naşirliyi ilə bu qəzet Qafqaz, hətta Rusiya müsəlmanlarının carçısına çevrilmişdi. Sara xanım atasının məhz bu kimi bu milli, mədəni fəaliyyətlərini ortaya çıxarmaq istəyirdi. S.Vəliyeva Sara xanımın bədii obrazının yaradılmasının vacibliyini də bildirdi. Tədbirdə tarixçi alim, t.ü.f.d. Firdovsiyyə Əhmədova da çıxış edərək, Sara Tağıyevanın həyatından və onun sovet hakimiyyəti dövründə atası H.Z.Tağıyevə qarşı qeyri-obyektiv fikirlərə, onun ictimai və xeyriyyəçilik fəaliyyətinin təhrif olunmasına qarşı mübarizəsindən danışdı. Qeyd etdi ki, H.Z.Tağıyevin qızı atasının maarifçilik və milli, mənəvi, mədəni inkişafımızdakı xidmətlərinin SSRİ hakimiyyəti tərəfindən tanınmasını, tədqiq və təbliğ edilməsini tələb edirdi. Sonra Tağıyev nəslinin yaxınlarından olan Elnur Musazadə çıxış etdi. Sara xanımın vətənə məhəbbətindən, maarifçilik fəaliyyətindən və onun ailəsi haqqında danışdı. Daha sonra AMEA Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d. Hacı Həsənov çıxış edərək, 1980-ci illərdə Sara xanımla olan xatirələrindən, onun öz atasının adını təmizləmək üçün göstərdiyi xidmətlərdən bəhs etdi. Bildirdi ki, Sara xanımın bu fəaliyyətini, H.Z.Tağıyevin mirasını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Tədbirdə iştitak edən kinorejissor Ayaz Salayev Sara xanımla olan görüşlərindən, 1988-ci ildə çəkdiyi “Ata” filmindən bəhs etdi. Bildirdi ki, bu gizli çəkilişlərdə Sara xanımdan H.z.Tağıyev və onun mirası haqqında qiymətli fikirlər öyrənilmiş və yaşadılmışdır. O, Sara xanımın yaşadığı bütün məhrumiyyətlərə baxmayaraq, ondakı ruh yüksəkliyini, atasının adının təmizə çıxacağına olan inamını da qeyd etdi. Sara xanımla görüşlərindən danışan Rəsul Rəxşanlı onun Tağıyev irsini, milli-mədəni mirasımızı üzə çıxartmaqdakı yorulmaz fəaliyyətindən bəhs etdi. Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li orta məktəbin direktor müavini Gülnarə Əzimova da çıxış edərək, bu məktəbin ilk öncə bağbanlıq peşəsinin öyrənilməsi üçün əsasının qoyulmasında H.Z.Tağıyevin rolundan danışdı. Həmçinin S.Tağıyevanın ömür yolundan, acınacaqlı həyatından bəhs etdi. Daha sonra tarixçi-tədqiqatçı Fuad Axundov çıxış etdi. Sara xanımın atasının irsini yaşatmaq üçün yazdığı əlyazmalardan, onun elmi-fəlsəfi biliyinin dərinliyindən bəhs etdi. Sara xanımın H.Z.Tağıyevin əsasını qoyduğu rus-müsəlman qız məktəbinin məzunları ilə olan əlaqəsindən, bu irsin tədqiq və təbliğindən danışdı. Sonda S.Tağıyeva haqqında çəkilmiş televiziya filmindən fraqmentlər nümayiş olundu. Muzey nəzdindəki “H.Z.Tağıyev klubu”nun üzvlərinin ifasında Teyyub Qurbanlının “SARA” poeması əsasında səhnəciklər göstərildi. Həmçinin “H.Z.Tağıyev klubunun” üzvlərinə sertifikatlar təqdim olundu və xatirə şəkli çəkildi.
Elanlar