az
en
Bu gün: 13 Noyabr 2019
Muzeydə “İSTİQLAL” muzeyinin 100 illiyinə həsr olunmuş III Respublika elmi konfransı keçirilib
18 iyun 2019-cu il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “İSTİQLAL” muzeyinin 100 illiyinə həsr olunmuş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III Respublika elmi konfransı keçirilib. Konfransı salamlama nitqi ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açdı. İştirakçıları salamladıqdan sonra qeyd etdi ki, muzeydə ənənəvi olaraq “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda konfranslar keçirilir. Bu günkü konfrans bu çərçivədə III Respublika elmi konfransıdır. Konfrans “İstiqlal” muzeyinin 100 illiyinə həsr olunub. Nailə xanım bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də parlamentin binasında “İstiqlal” muzeyi açılmışdı. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə “Doğma diyarın tədris muzeyi – İstiqlal”, 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi, daha sonra Azərbaycan Tarixi Muzeyi adlandırılmışdır. Muzey 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul etmişdir. Nailə xanım qeyd etdi ki, cümhuriyyətin süqutundan sonra “İstiqlal” muzeyinin bir çox qiymətli materialları Moskvaya göndərilmiş, daha sonra yoxa çıxmışdır. Nailə xanımın şəxsi təşəbbüsünə baxmayaraq, bu materialları əldə etmək mümkün olmamışdır. Lakin Cümhuriyyət dövrünün tarixi əhəmiyyətli bəzi eksponatları AMEA-nın müxbir üzvü, mərhum numizmat və arxeoloq Y.A.Paxomov tərəfindən muzeyə təqdim edilmişdir. Sonra AMEA-nın Gəncə regional bölməsinin əməkdaşı, t.ü.f.d. Elnur Həsənov bölmənin nəfis tərtibatlı nəşrlərini muzeyə hədiyyə edib, akademik Nailə Vəlixanlıya təqdim etdi. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Elfira Məlikova-Qurbanova “Müasir muzey fəaliyyətində yeniliklər”; BDU-nun müəllimi, t.ü.f.d. Aydın Məmmədov “Gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu”; MATM-nin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva “Azərbaycan Tarixi Muzeyinin XX əsrin 50-ci illər ekspozisiyası quruculuğu” və muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə “Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyinin Qafqaz kolleksiyasındakı saxsı məmulatı Talış-Muğan arxeoloji mədəniyyətinin öyrənilməsində mənbə kimi” mövzularında məruzələr oxudular. Daha sonra iki seksiya üzrə məruzələr davam etdi. Məruzələrdən sonra iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırıldı. Sonra seksiyaların həmsədrləri – t.ü.e.d. Nərgiz Əliyeva, t.ü.f.d. Nasir Quluzadə və dosent Elfira Məlikova-Qurbanova tərəfindən məruzələr haqqında hesabat verildi. Qeyd olundu ki, ümumilikdə konfransda tarix, etnoqrafiya, numizmatika, arxeologiya, muzeyşünaslıq, kitabxanaçılıq və arxiv işləri üzrə 31 iştirakçının elmi məruzələri dinlənilib və məruzəçilərin çıxışları qənaətbəxşdir. Daha sonra akademik Nailə Vəlixanlı çıxış etdi. Konfransın fəaliyyətini məqbul sayaraq, iştirakçılara, məruzəçilərə təşəkkür etdi və konfrans materiallarının nəşr ediləcəyini bildirdi. Konfrans çərçivəsində akademik Nailə Vəlixanlı CBC TV və Xəzər TV-ə müsahibə verdi. Konfransın məqsədi, mövzusu, “İstiqlal” muzeyi və MATM-nin tarixi haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, muzey görkəmli xeyriyyəçi H.Z.Tağıyevin mülkündə yerləşir. Muzeydəki fond materiallarının daha təhlükəsiz qorunması, sərgilənməsi və nümayişi, həmçinin yeni zalların açılması üçün yeni muzey binasına ehtiyac var. Bu istiqamətdə dövlətimizin qayğısı Azərbaycanda muzey işinin təkmilləşməsinə daha çox xidmət edər.
Elanlar