az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə Şəki xanlığının bayrağı qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunda Azərbaycan xanlıqlarının bayraqlarından ibarət çox unikal kolleksiya saxlanılır. Bu kolleksiya 1924-cü ildə Muzeyə verilmişdir. Fondda Şəki xanlığına məxsus bayraqlar da mühafizə edilir. Bu bayraqlardan ən böyüyü (inv. 451) beşbucaq formadadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Bayrağın kənarına yaşıl xara parçadan enli haşiyə salınmışdır. Ortada güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə dəyirmi, rombvari və üçbucağa bənzər kiçik fiqurlar salınmışdır. Bayrağın yaşıl rəngdə olan haşiyəsi üzərində sarı ipək saplarla şahmat qaydasında səkkizguşə ulduzlar çəkilmişdir. Bayrağın astarında da eyni təsvirlər mövcuddur. Açıq qəhvəyi boya ilə rənglənmiş bayraq sapı bir çox yerlərdə çatlamış, parça hissələr bəzi yerlərdə zədəlidir. Dəmir ucluq üç hissədən ibarətdir. Qeyd edək ki, 1808-ci il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş vermiş həlledici döyüşdə Səlim xan Rusiya ordusuna məğlub olduqdan sonra xanlığın altı bayrağı rus general-mayoru P.F.Nebolsin tərəfindən qənimət olaraq götürülmüşdür. Onlardan üçü hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda qorunur.
Elanlar