az
en
Bu gün: 22 Iyul 2019
Muzeydə “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi keçirilir
28 iyun 2019-cu il tarixindən etibarən AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi keçirilir. Sərgidə yalnız Muzeyin fondlarında qorunan materiallardan ibarət eksponatlar nümayiş olunur. Burada 350 tarixi eksponat və bundan əlavə iki sikkə dəfinəsi (474 sikkə) sərgilənir. Eksponatlar Şəkinin qədim tarix və mədəniyyətini sərgiləyir. Sərgidə nümayiş olunan Muzeyin fond materiallarının 80%-i ilk dəfə ziyarətçilərə təqdim olunub. Nümayiş olunan arxeoloji, etnoqrafik, numizmatik materiallar, eksponatlar Şəkinin qədim və orta əsrlər dövrünü işıqlandırır. Yerli əhalinin e.ə. minilliklərdəki gündəlik həyatını, məşğuliyyətini, bölgənin qədim tayfalarından olan saklar dövrünə aid tarixini, Albaniya dövrünü, xristianlıq və islam mərhələsini, Şəki xanlığının tarixini özündə geniş əks etdirir. Şəki Xan Sarayının fotoşəkilləri, xanlığın bayraqları, silahlar və döyüşçü geyimləri təqdim olunur. Sərgidə Rus fotoqrafı D.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər göstərilir. Bu əsərlərdə yerli əhalinin həyat tərzi, sənətkar emalatxanaları, abidələr təsvir olunub. Həmçinin, maarifçilər - Rəşid bəy Əfəndiyevin, Əhməd bəy Nəbiyevin də çəkdiyi rəsm əsərləri, yazıları, kitabları nümayiş olunur. Şəkidə tikmə, təkəldüz və ipəkçilik sənətləri haqqında təqdim olunan eksponatlar, XIX-XX əsrin əvvəlinə aid geyimlər, zinət əşyaları ziyarətçilərdə dolğun təəssürat yaradır. XIX əsrə aid Quran əlyazması, məscidlərin fotoşəkilləri, Şəkinin ticarət həyatı, karvansaraları, qalaları, xüsusilə Labirint Muzeyi haqqında olan materiallar böyük maraq oyadır. Bölgənin dünya və Azərbaycan mədəniyyətindəki rolunu aydın təqdim edir. Sərgidə M.F.Axundzadənin və digərlərinin Şəkidəki ev muzeyləri haqqında da materiallar, onlara aid eksponatlar da göstərilir. Şəki mədəni irsimizin daşıyıcısıdır. Buradakı kilsələr, məscidlər bölgənin qədim xristianlıq və islam tarixindəki rolunu aydın təqdim edir. Sərgidə nümayiş olunan eksponatlar böyük marağa səbəb olur. Sərginin keçirilməsində məqsəd də Şəkinin yaradıcı şəhər kimi beynəlxalq səviyyədə təbliği və tanınmasıdır. Qeyd edək ki, UNESCO tərəfindən Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib. “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi iştirakçılarda böyük təəssürat oyadır və 28 oktyabra qədər açıq olacaq.
Elanlar