az
en
Bu gün: 13 Noyabr 2019
Muzeydə XIX əsrə aid memarlıq planları qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunun Xəritələr sektorunda XIX əsrdə memarlıq üzrə ilk yerli mütəxəssislərdən biri olan Qasım bəy Hacıbababəyovun rəngli tuşla çəkdiyi Şamaxı bölgəsinin Cavad şəhərinin baş planı (inv. № 14) və Bakı qalasının sahilə çıxan hissəsinin planı (inv. № 17) mühafizə edilir. Bu planlar 1974-cü ildə Muzeyə qəbul edilmişdir. Qasım bəy, 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuş, molla məktəbində və qəza məktəbində oxumuşdur. 1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniya memarı, 1868-ci ilədək Bakı şəhərinin memarı, 1868-ci ildən 1874-cü ilədək Şamaxının memarı vəzifələrində çalışmışdır. Şamaxı şəhərinin baş planının, Bakıda sahil küçəsinin və hazırda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin layihələrinin müəllifi olan Qasım bəy şəhərsalma sahəsində xidmətlərinə görə Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. Q.Hacıbababəyovun hazırladığı planlar XIX əsr Azərbaycan şəhərsalma tarixinin və milli memarlıq sənətinin tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Elanlar