az
en
Bu gün: 22 Noyabr 2019
Avropa Komissiyasının "Horizon 2020" Proqramının iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olublar
Bu gün Avropa Komissiyasının “Horizon-2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Bakıda olan layihənin rəhbəri və üzvləri Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olublar. Layihənin baş koordinatoru Avstriya Karol və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropanın tarixi və antropologiyası kafedrasının müdiri, prof. Karl Kazer, layihənin Azərbaycan üzrə Milli Koordinatoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənov, Bolqarıstanın Cənub-qərb Universitetinin əməkdaşları dos. dr. Maryana Piskova və dos. dr. Anastasiya Paşova Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər. Qonaqlara muzeyin elmi fəaliyyəti, fondları haqında məlumat verilib. Sonra onlar muzeyin möhtəşəm Şərq zalı, orada gedən bərpa işləri və muzeyin Neqativ fondunun materialları ilə yaxından tanış olublar. Muzeyin zəngin fondları, kolleksiyası qonaqların xüsusi marağına səbəb olub. Onlar bir neçə gün muzeyin Sənədli mənbələr və Neqativ fondunda araşdırma aparmaq istədiklərini bildiriblər. Tədqiqatın məqsədi muzeydə qorunan fotomaterial və digər sənədli materialların sistemli şəkildə daha peşəkar təhlil olunmasıdır. Onu da qeyd edək ki, Avstriya Karol və Frans adına Qrats Universiteti və Milli Azərbaycan Tarixi Muzeyi arasında memorondum imzalanacaq. Memorondumun əsas məqsədi beynəlxalq əlaqələrin inkişafı və elmi biliklərin mübadiləsindən ibarətdir.
Elanlar