az
en
Bu gün: 22 Noyabr 2019
Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir. Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir. Xalqımızın şərəfli və kəşməkəşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir. Milli Azərbaycan Tarixi Muzeyində tarixi əhəmiyyətli milli musiqi alətləri qorunur. Bunlardan pardaxlanmış ağacdan tar və qavalı misal göstərmək olar. Tarın qol hissəsi sədəflə bəzədilmişdir. Metal lövhəcik üzərində rus dilində “Əziz Niyaziyə şuşalı yerlilərindən 70 illiyi münasibətilə” yazılmışdır. Qaval Azərbaycanın xalq artisti, “Şərəf nişanı” ordenli xanəndə Xan Şuşinskiyə məxsus olmuş, 1975-ci ildə sahibi tərəfindən xanəndə muğam ifaçısı Qədir Rüstəmova hədiyyə edilmişdir. Qaval 2013-cü ildə muzeyə Qədir Rüsəmovun həyat yoldaşı Azadi Fatimə İsmiəli qızı tərəfindən hədiyyə edilmişdir.
Elanlar