az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə “Nobel Qardaşları Neft İstehsalı Cəmiyyəti”nə aid iki plakat mühafizə olunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda “Nobel Qardaşları Neft İstehsalı Cəmiyyəti”nə məxsus gümüş və bürünc iki plaket qorunur. 1906-cı ildə “Nobel Qardaşları Cəmiyyəti”nin mədənlərində neftin milyard pudu hasil olunması münasibəti ilə Cəmiyyət gümüşdən və bürüncdən iki plaket sifariş etmişdir. Muzeyin fondunda qorunan gümüş plaketin ölçüsü 7x10,2 sm, çəkisi 298 qramdır. Üz tərəfinin sağ və sol künclərində Cəmiyyətin təsisçiləri – Robert və Lüdviq Nobellərin portretləri təsvir olunub. Portretlərin arasında rus dilində “Nobel Qardaşları Cəmiyyəti tərəfindən xam neftin milyard pudunun hasil olunmasının xatirəsinə. 1879-1906” sözləri təsvir olunub. Plaketin mərkəzi hissəsində Abşeron yarımadasının və Xəzər dənizinin xəritəsi, aşağı sol küncündə Nobellərin Xəzərdə suya buraxdığı dünyada birinci “Zoroastr” (“Zərdüşt”) tankerinin, sağ küncündə isə firmanın istismar etdiyi neft mədənlərinin yerləşdiyi Çələkən adasının (Türkmənistan ərazisi) təsvirləri verilib. Plaketin üz tərəfi Nobellərin XIX əsrin sonu - XX əsrin əvvəllərində əldə etdikləri istehsal uğurlarını, arxa tərəfi isə neft hasilatının keçmişini əks etdirir. Arxa tərəfdə neft buruqlarının fonunda təsvir olunan qadın od mehrabının yanında dayanaraq, yanan çırağı yuxarı qaldırıb. Ondan sol tərəfdə Bakı qalasından hərəkət edən, neft yüklənmiş dəvə karvanı əks olunub. Plaketin sağ küncündə, içəri tərəfdə məşhur Suraxanı atəşgahını görmək olar. Plaketin kənarlarında Peterburqun məşhur zərgərlik firmaları sahiblərinin - Faberjenin və Aleksandr Edvard Tilanderin damğaları, habelə gümüşün əyarını bildirən “84” rəqəmi həkk olunub. Nobellərin sifarişi ilə hazırlanan bürünc plaket də tarixi mənbə və mükəmməl sənət nümunəsi kimi maraq doğurur. Üz tərəfdə neft buruqları və Bakı buxtasında lövbər salmış gəmilərin fonunda Emmanuel Nobelin, Alfred, Lüdviq və Robert Nobel qardaşlarının portetləri təsvir olunub. Portretlərin altında gümüş plaketdəki yazıya analoji, lakin bu dəfə fransız dilində olan mətn həkk olunub. Bürünc plaketin arxasında, Suraxanı atəşgahının fonunda, yanan çırağı yuxarı qaldırmış qadın, onun ayaqları altında sol əli ilə dəfnə budağını irəli uzatmış körpə təsviri var. Plaketin sağ tərəfində səcdə edən atəşpərəstlərin rəsmi verilib. Bu plaketin hər şeydən öncə od və işıq mənbəyi olan neft və qazın heç vaxt azalmayan əhəmiyyətini vurğulayan plaketin müəllifi kartuşda latınca “İsnismunlidumen, vite focus” –“Dünya odunun işığı. Həyat alovu” sözlərini yerləşdirmişdir. Gümüş və bürünc plaketlər 1907-ci ildə hazırlanmışdır. Uzun illər ərzində muzeyin ekspozisiyasında nümayiş olunan bu plaketlər digər materiallarla yanaşı Azərbaycanın neft sənayesi tarixində mühüm yer tutan “Nobel Qardaşları Neft istehsalı Cəmiyyəti”nin fəaliyyətini əks etdirir və neft tariximizi əks etdirməsi baxımından əhəmiyyətlidir.
Elanlar