az
en
Bu gün: 22 Noyabr 2019
20 sentyabr “Neftçilər Günü”dür
Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər Günü" kimi qeyd olunur. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gündür. Həmin gün xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. AMEA Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin şanlı neft tarixi tədqiq və təbliğ edilir. 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə muzey tərəfindən “Azərbaycanın neft salnaməsi” kataloqu (Bakı, 2014, 253 s.) nəşr olunmuşdur. Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, tərtibçisi, “Ön söz”ün müəllifi, muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur. Kataloq muzeyin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. Dörd tematik bölmədən ibarət kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barədə məlumat verilir, 1000-dək unikal eksponatın fotoşəkli təqdim olunur. XIX–XX əsrin əvvəllərinə aid nadir tarixi fotoşəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər ölkəmizin neft sənayesinin inkişafını əyani olaraq təsəvvür etməyə imkan verir. “Neft Daşları”, “Əsrin müqaviləsi” kimi böyük layihələrlə bağlı materiallara kataloqda xüsusi yer ayrılıb. Azərbaycan və rus dillərində nəşr olunan kataloq “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görüb. Qeyd edək ki, t.ü.f.d. Fərhad Cabbarovun “Ön sözü”nün müəllifi olduğu “Azərbaycanın neft salnaməsi” adlı kataloqu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə 2014-cü ildə keçirdiyi müsabiqədə 3-cü kateqoriya üzrə qalib olmuşdur.
Elanlar