az
en
Bu gün: 22 Noyabr 2019
Muzeydə diplomat İbrahim Əbilova məxsus materiallar qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Azərbaycanın ilk diplomatlarından biri İbrahim Əbilovun fəaliyyəti ilə bağlı bir neçə sənəd və fotoşəkilləri (İnv.№ 4-416) qorunub saxlanılır.Muzey kolleksiyasında mühafizə edilən materiallar arasında Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün üzərində ürək sözlərini yazıb İ.Əbilova yadigar verdiyi fotoşəkili, diplomatik sənədi, ömür-gün yoldaşının öz əli ilə qələmə aldığı xatirələri dövrün tarixini araşdıranlar üçün əhəmiyyətlidir. 1881-ci ildə Ordubadda dünyaya gəlmiş İ.Əbilov tanınmış maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqinin orada açdığı “Əxtər” məktəbində oxumuş, lakin təhsilini yarımçıq qoymalı olmuşdur. XX əsrin əvvəllərində Mahaçqala və Bakı şəhərində fəhləlik etdiyi zaman sosial-demokrat hərəkatına qoşulub menşevik “Hümmət” təşkilatında fəallıq göstərmişdir. Azərbaycan Cümhuriyyəti parlamentində sosialistlər fraksiyasının aparıcı təmsilçilərindən olan İbrahim Əbilov 1920-ci ilin aprel çevrilişindən sonra sovet hökumətində daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. 1921-ci ildə o, Nəriman Nərimanovun təşəbbüsü ilə əvvəlcə Azərbaycanın, sonra isə ZSFSR-in Türkiyədə səlahiyyətli nümayəndəsi təyin edilir. Əfsus ki, onun diplomatik fəaliyyəti uzun çəkmədi. 1923-cü ilin fevralında İzmir şəhərində iqtisadi toplantıya yollanan İbrahim Əbilov orada xəstəliyi səbəbilə vəfat etdi.
Elanlar