az
en
Bu gün: 22 Noyabr 2019
H.Z.Tağıyevin Fransada yaşayan qohumu Alban Klod Milli Azərbaycan Tarixi Muzeyində olub
Bu gün Milli Azərbaycan Tarixi Muzeyini xeyriyyəçi, neft maqnatı H.Z.Tağıyevin Fransada yaşayan qohumu Alban Klod ziyarət edib. Alban Klod H.Z.Tağıyevin birinci nigahından olan oğlu Ağa Sadıxın kötükcəsidir. Azərbaycanda ilk dəfə olan Alban Klod baba mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyini gəzib və binanın gözəlliyinə, möhtəşəmliyinə valeh olduğunu bildirib. Sonra Muzeyin Konfrans zalında Alban Klodla tanış olmağa gələn qonaqlar, H.Z.Tağıyevin qohumları və KİV nümayəndələri ilə görüş keçirilib. Tədbiri Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı və Alban Klodu muzeydə görməyindən xüsusi məmnun olduğunu dedi. N.Vəlixanlı bildirdi ki, bu gün muzeyin həyatında çox maraqlı və əlamətdar bir gündür. Tariximizin ən önəmli səhifələrində iz qoyan Azərbaycanın xeyriyyəçi oğlu H.Z.Tağıyev nəslinin davamçılarını muzeydə görmək bizim üçün böyük şərəfdir. Çox sevindirici haldır ki, H.Tağıyev irsinin tədqiqi və araşdırılmasını bilavasitə öz üzərinə götürən Milli Azərbaycan Tarixi Muzeyi bu gün onun Bakıda yaşayan digər qohumları ilə tanışlığına vasitəçi rolunu oynadı. Çıxışında akademik N.Vəlixanlı uzun illər Fransada yaşayan Alban Kloda Azərbaycan dilini öyrənməyi tövsiyə etdi. Sonra Alban Klod ingilis dilində çıxış edərək, Bakıda və xüsusilə babasının mülkündə olmasından məmnunluğunu ifadə etdi. O, bildirdi ki, “Mən tarixçiyəm və H.Z.Tağıyevin qohumu olduğumu biləndən sonra H.Z.Tağıyev və Qacarlar nəslini araşdırmağa başlamışam. Məlumatları əsasən anamın nənəsi Zərrintac Tağıyevanın şəxsi əşyalarında görüb maraqlanmağa başlamışam. Zərrintac Tağıyeva Bakıdan sürgün edildikdən sonra Fransaya yerləşib və ömrünün sonuna qədər orada yoxsulluqla yaşayıb. Araşdırmalarım nəticə verəndən sonra Bakıda yaşayan digər qohumlarla facebook vasitəsilə əlaqə saxlayıb tanış olmuşam. Bundan sonra Bakıya dəvət almışam və sizin qarşınızdayam. Düzünü desəm, məni bu qədər sevgi ilə qarşılayacağınızı gözləmirdim və çox şad oldum”. Daha sonra zalda əyləşən H.Z.Tağıyevin digər qohumları çıxış etdi və onlar da Tağıyev nəslinin nümayəndəsi Alban Klodu tanımaqdan məmnun olduqlarını bildiriblər. Sonra muzey tərəfindən qonağa H.Z.Tağıyevin həyatına və xeyriyyəçilik fəaliyyətinə həsr olunmuş kitab-albom, kataloqlar hədiyyə edildi. Sonda Alban Klodla xatirə şəkilləri çəkilib və KİV ilə müsahibə götürülüb. Qeyd edək ki, H.Z.Tağıyev iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdur. Oğlanları - İsmayıl, Ağa Sadıx və qızı Xanımdır. İkinci həyat yoldaşı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın həyat yoldaşı idi. Hacı oğlugildə olarkən Balakişi bəy Ərəblinskinin kiçik qızı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdir. Yəni Hacı öz oğlu ilə bacanaq idi. H.Z.Tağıyev gənc Sona xanımla ailə qurmuşdu. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları - Leyla, Sara və Sürəyyadır. Oğlanları Məhəmməd və İlyasdır. Məhəmməd Tağıyev "Dikaya diviziya"-nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür. Qızı Leyla xanım Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayevlə evlənmişdir. Onların Əli, Nadir, Gülnar və Zeynal adlı övladları olmuşdur. Zeynal Türkiyədə anadan olmuşdur. Əli Əsədullyev 1920-ci illərdə ailəsini götürərək, əvvəlcə İrana, sonra isə Türkiyəyə mühacirət etmiş, daha sonra ailə Parisə köçmüşdür. Qızları Gülnar Əsədullayev Parisin Sorbonna Universitetini bitirdikdən sonra Leyla Əsədullayeva ilə İstanbula köçmüşdür. Leyla Əsədullayeva 1948-ci ildə İstanbulda vəfat etmişdir.
Elanlar