az
en
Bu gün: 22 Noyabr 2019
Muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyd edilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Dövlət Bayraq gününə həsr olunmuş “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı tədbir keçirilib. Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşları- Zümrüd İsmayılova və Qənirə Qafarlı tərəfindən təşkil olunub.Tədbirdə Bakı şəhəri Nəsimi rayonu general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin, Səbail rayonu 6 saylı tam orta məktəbin, Səbail rayonu 7 saylı tam orta məktəbin, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının müəllim və şagird heyəti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, Milli Aviasiya Akademiyasının müəllim heyəti və tələbələri, muzey əməkdaşları, tarixçilər, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra muzeyin elmi katibi, t.ü.f.d, dosent Fərhad Cabbarov çıxış edib. O bildirib ki, bu gün Azərbaycan tarixi üçün önəmli və əlamətdar günlərdən biri – Dövlət bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci ildə bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Sonra Bakı Dövlət Universitetinin dosenti, t.ü.f.d. Arzu Xəlilzadə və Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. dosent Sevinc Vahabova və b. çıxış ediblər. Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Çıxışlardan sonra məktəblilərin iştirakı ilə bədii hissə keçirilib. Şagirdlər Dövlət Bayraq gününə həsr olunmuş musiqi nömrələri və rəqsləri ilə çıxış ediblər. Tədbirin sonunda Bakı şəhəri Nəsimi rayonu general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə FLASHMOB keçirilib.
Elanlar