az
en
Bu gün: 10 Dekabr 2019
Muzey əməkdaşı Çində “Bir kəmər və bir yol” layihəsi əsasında keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
17-27 noyabr 2019-cu il tarixində Çinin Şanxay Tarix Muzeyində “Bir kəmər və bir yol” layihəsi əsasında elmi seminar keçirilib. Tədbirdə dünyanın 13 ölkə müzeylərinin nümayəndələri iştirak ediblər. Burada Böyük Britaniya, Almaniya, Qazaxıstan, Azərbaycan, Şri Lanka, İndoneziya, Misir və digər ölkələrin muzey nümayəndələri foto-slayd təqdimatı ilə çıxış edib, təmsil etdiyi muzeyin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər. Mövzular ətrafında fikir mübadiləsi və disskusiyalar aparılıb. Layihə müddətində iştirakçılara muzeylərin inkişafını beynəlxalq baxımdan araşdırılması, muzeylərin müasir durumu istiqamətində təlim kursları və seminarlar keçirilib. Iştirakçılara həmçinin Çinin tarixi, mədəni abidələrinə, muzeylərinə ekskursiya aparılıb. Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Fond işləri üzrə direktor müavini, t.ü.f.d., dosent Məhfuzə Zeynalova foto-slayd nümayişi ilə çıxış edib. Azərbaycanlı alim məruzəsində Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti, ekspozisiyası və sərgiləri haqqında ətraflı məlumat verib. O bildirib ki, muzey son vaxtlar beynəlxalq əlaqələrini genişləndirir, dünya ölkələrinin muzeyləri ilə qarşılıqlı səyyar sərgilərin keçirilməsi haqqında görüşlər keçirilir, memorandumlar imzalanır. Ölkə muzeyləri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır və dünya standartlarına cavab verən yüksək bərpa texnologiyaları tətbiq edilir. M.Zeynalova muzeydə qorunan və nümayiş olunan “Böyük İpək Yolu”nu əks etdirən eksponatlar haqqında da iştirakçılara məlumat verib. Tarixçi alim beynəlxalq tədbirdə qarşılıqlı əməkdaşlığın keçirilməsi məsələsi barədə də danışıb. O, səyyar sərgilərin keçirilməsi, müasir bərpa, konservasiya təcrübəsinin təşkili ilə bağlı təkliflər irəli sürüb. Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib. M.Zeynalova eyni zamanda Çin Dövlət telekanalına Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti haqqında geniş müsahibə verib.
Elanlar