az
en
Bu gün: 10 Dekabr 2019
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişikliklər edilib
AMEA-da Rəyasət Heyətinin Elm və təhsil baş idarəsinin və Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının təhsil və beynəlxalq əlaqələr şöbələrinin müdirləri üçün maarifləndirici seminar keçirilib. Seminarı Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov açaraq Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli qərarından danışıb. Qeyd edib ki, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər. O, qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik şəxslərin xarici dil üzrə qəbul imtahanından azad olunduqlarını diqqətə çatdırıb. F.Kazımovun sözlərinə görə, fəlsəfə fənni üzrə imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və ixtisas fənni imtahanına yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılır. İdarə rəisi bildirib ki, yeni qaydalara əsasən, doktorantların əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatın elmi şuralarının qərarı ilə həmin müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən nizamnaməyə uyğun olaraq həyata keçirilir. Natiq, həmçinin dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması məsələsinə də toxunub: “Fəlsəfə və elmlər doktoru elmi dərəcəsini almaq hüququna əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. Dissertant olmaq istəyən şəxslərdən azı iki il elmi və ya elmi-pedaqoji iş stajı tələb edilir”. F.Kazımov, o cümlədən Nazirlər Kabineti tərəfindən təsdiqlənən xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim qaydaları, onların təhsilinin, eləcə də beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi barədə qərarları diqqətə çatdırıb. O, proqramlarda iştirak hüququ olmayan şəxslər, seçim meyarları, iştirakçıların xərcləri, sənədlərin qəbulu və s. haqqında məlumat verib. Seminarda MATM-nin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi də iştirak edib.
Elanlar