az
en
Bu gün: 26 Fevral 2020
Muzeydə görkəmli tarixçi, tarix elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Sara Aşurbəylinin xatirə tədbiri keçirilib
27 yanvar 2020-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli tarixçi, tarix elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Sara Balabəy qızı Aşurbəylinin xatirə tədbiri keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, tarixçilər, muzey işçiləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açdı. O, öz çıxışında görkəmli tarixçi alim Sara Aşurbəyli haqqında danışaraq onunla bağlı xatirələrini bölüşüb. Sara xanım işinə qiymət verən əsl alim idi. Bakı yaşadıqca, Azərbaycanın orta əsrlər dövrü yaşadıqca Sara Aşurbəyli də yaşayacaq! N.Vəlixanlı bildirib ki, S.Aşurbəyli Azərbaycan Elmlər Akademiyasının müxtəlif institutlarında çalışıb. Onun ilk iş yeri isə Azərbaycan Tarixi Muzeyi olub. O, Muzeyin Azərbaycanın orta əsrlər dövrü tarixi şöbəsinin müdiri vəzifəsində çalışıb. S.Aşurbəyli bir neçə dili mükəmməl bilirdi və muzeydə hətta ekskursiyalar da aparıb. N.Vəlixanlı qeyd edib ki, Sara Aşurbəyli həm də bacarıqlı rəssam idi. Bu istedadına görə o, 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib. Nailə xanım görkəmli alimin Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, S.Aşurbəyli 1993-cü ildən ömrünün sonunadək akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi işçisi vəzifəsində çalışıb. O, çox təvazökar və işini sevən bir insan idi. Sonra S.Aşurbəylinin varislərindən biri, qohumu Ramiz Aşurlu çıxış etdi. O, foto-slayd nümayişi ilə görkəmli alimin həyatı, keçdiyi ömür yolu, onunla bağlı maraqlı məqamları iştirakçılarla bölüşüb və ətraflı məlumat verdi. S.Aşurbəyli ilə Azərbaycan Tarixi Muzeyində işləyən muzeyin Numizmatika və epiqrafika şöbəsinin müdiri, t.ü.e.d. Əli Rəcəbli çıxış etdi. Sara xanımla işlədiyi müddətdə olan xatirələrindən danışıb bildirdi ki, o, çox həyatsevər və vətənpərvər insan idi. Onun kimi alimlə işləmək böyük şərəf idi. Sonra tədbirdə iştirak edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru t.ü.e.d. Maisə Rəhimova, AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mystafayev və t.ü.e.d. Tarix Dostiyev çıxış ediblər. S.Aşurbəyli ilə birgə işləyən və yaxın münasibətdə olan tarixçi, şərqşünas alimlər onunla bağlı xatirələrini bölüşüb bildiriblər ki, S.Aşurbəyli gözəl insan, əsl alim, tarixçi, şərqşünas, Avropa və Şərq dillərini mükəmməl bilən, bir neçə tarixi əhəmiyyətli kitabların, monoqrafiyaların, elmi əsərlərin müəllifi idi. Bildirilib ki, Azərbaycan tarix elminin orta əsrlər dövrünün tədqiqində Sara Aşurbəyli yaradıcılığı böyük əhəmiyyət kəsb edir. Çıxışçılar qeyd edib ki, o, unudulmaz alim idi. O, bizim qəlbimizdədir və həmişə yaşayacaq. Tədbirdə iştırak edən qonaqlar və qohumlar Muzeyin direktoru akademik Nailə Vəlixanlıya bu tədbirin təşkilinə görə dərin minnətdarlıqlarını bildiriblər. Sara Aşurbəyli 27 yanvar 1905-cildə (bəzi sənədlərdə 1906 göstərilib) Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə İstanbulda Müqəddəs Janna dʻArk adına fransız kollecini, 1930-ildə Bakı Dövlət Universitetinin şəqrşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültəsini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmışdır. S.Aşurbəyli həm də rəssam idi, 15 il Konservatoriyada işləmişdir. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir. Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. O, “Bakının orta əsrlər tarixinə dair oçerklər”, “Bakı şəhərinin tarixi”, “Orta əsrlərdə Azərbaycanın Hindistanla iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövləti (VI-XVI əsrlər)” və s. kitabların müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət” ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin Fəxri Doktoru adını almışdır. Tədbirin sonunda iştirakçılar görkəmli tarixçiyə məxsus şəxsi əşyalardan ibarət sərgi ilə tanış oldular.
Elanlar