az
en
Bu gün: 20 Sentyabr 2020
Hörmətli izləyicilər!
Milli Azərbaycan Tarixi Muzeyinin qarşısına qoyduğu ümdə məqsədlərdən biri də gənc nəslin təlim-tərbiyəsində vətənpərvərlik hisslərinin oyanmasına təsir etmə mexanizmini sürətləndirməkdir. Bu məqsədlə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlınin rəhbərliyi ilə keçirdiyimiz "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" adlı layihəmiz müsbət mənada geniş rezonans doğurdu. Layihəmizin bu dəfəki sayı bəşəriyyətin ən böyük savaşlarından biri olan II Dünya Müharibəsində qəhrəmanlıq salnaməsi yazan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunub. Hec kimə sirr deyil ki, "Mixaylo" təkcə əfsanəvi partizan deyildi, həm də gözəl rəsmlər çəkirdi. Bakıda rəssamlıq məktəbini bitirən M.Hüseynzadə müharibə dövründə də bu qabiliyyətindən məharətlə istifadə edərək hərtərəfli bir qəhrəman oldugunu tarixin qanlı səhifələrinə şərəflə yazmışdır. Bu layihəmizdə Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının istedadlı şagirdləri Muzeyimizin Təsviri materiallar fondunda saxlanılan "Mixaylo"nun rəsm əsərlərinin oxşarlarını çəkərək bir daha bu unudulmaz partizana sevgi, hörmət və ehtiramlarını ifadə etmişlər. Zənnimizcə 9 may tarixində istedadlı şagirdlərimizin bu əl işi hər bir Mehdisevərə və Sovet İttifaqı Qəhrəmanlarına bir töhfə olacaqdır. Layihəmizin bu dəfəki sayında göstərdikləri dəstəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin "Təsviri materiallar" fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovaya, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Gənc bələdçi" dərnəyinin rəhbəri Günel Quliyevaya və Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının təsviri incəsənət müəllimi Sədaqət Abbasovaya öz dərin təşəkkürümüzü bildiririk. Mehdi Hüseynzadənin rəsm əsərləri haqqında ətraflı məlumat verən Muzeyin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovanın "Mixaylo" həm də rəssam idi" adlı çox maraqlı məruzəsi ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:⤵️ https://youtu.be/iN600IozIpU https://www.facebook.com/481681958539867/posts/3906288219412540/
Elanlar