az
en
Bu gün: 05 İyun 2020
Muzeydə gəc-bəzəklər qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin fond müdiri, t.ü.f.d. Aida İsmayılovanın verdiyi məlumata görə Şəmkir şəhər yerindən tapılmış gəc bəzəklərdən bəzi nüsxələr Arxeologiya fondunda mühafizə olunur. 2010-cu ildə Şəmkir şəhər yerindən aşkar olunmuş beş ədəd gəc bəzək fraqmenti IX-X əsrlərə aid edilən monumental binanın arxeoloji qazıntısından əldə olunub. Fraqmentlərdən biri düzbucaqlıya yaxın formada olub üzərində nəbati naxış elementi vardır. Digər bir fraqmentdə üçbucağa yaxın elementdə üç nöqtə -batıq salınıb. Üçbucağı əhatələyən qabarıq zolaqların bəzək qırıldığından xarakteri aydın deyil. Kiçik bir fraqmentdə isə iki qabarıq zolaq arasında qönçəyəbənzər naxış elementi yerləşib. Dörd və beşinci fraqmentlərdə də naxış elementlərini müəyyənləşdirmək çətindir. Fraqmentlərdən bəlli olur ki, onların hamısı ikiqatlı gəc bəzəyin qırıqlarıdır. Bir fraqmentdə qırmızı boya izinin qalması gəc bəzəkdə həm də qırmızı boyanın tətbiq edildiyini deməyə əsas verir. Fraqmentlərin təhlilinə əsasən bəzəyin nəbati və epiqrafik naxışlardan ibarət olduğunu güman etmək olar. Arxeoloji tədqiqatlar gəctəraşlığın Azərbaycanda geniş yayıldığını təsdiq edir. Dərbənd, Şəmkir, Xaraba-Gilan şəhər yerlərində aparılan qazıntılar nəticəsində xeyli gəc bəzəklər tapılmışdır. Onların hamısı fraqmentlə təmsil olunub. Fraqmentlər əsasında müəyyənləşdirmək olur ki, divara və ya karniz hissəyə əvvəlcə astar rolunu oynayan gəc suvaq vurulur, daha sonra ikinci qat salınır və oyma naxışla bəzədilirdi. Müsəlman Şərq memarlığında ictimai-dini və yaşayış binalarının interyerinin bədii tərtibatında gəc bəzəklər geniş tətbiq olunurdu. Hələ erkən islam dövründə Samirə şəhərinin ictimai-dini və yaşayış binalarının bədii tərtibatında gəc üzrə oymakarlıqla yüksək bədiiliyi ilə fərqlənən zəngin bəzəklər salınmışdır. Müsəlman Şərq memarlığı üçün maraqlı bəzək çeşniləri yaratmağa imkan verən gəcdən interyerin bədii tərtibatında geniş istifadə olunmasıdır. Xalis gəclərin kimyəvi tərkibi kalsitə yaxın olub, belədir: CaO 56% və CO2 44%. Gəc, onun adını müəyyən edən bəzi qarışıqları da özündə birləşdirir, bunlara gil mineralları, dolomit, kvars, gips, pirit və üzvi maddələrin qalıqları daxildir. Gəc adətən ağ, açıq boz, sarımtıl rəngdə olur, lakin üzvi, dəmir və marqans qarışıqları onu tünd boz, qara, qəhvəyi, qırmızı və yaşılımtıl rəng verir.
Elanlar