az
en
Bu gün: 04 Dekabr 2020
Muzeydə görkəmli pedaqoq Nazlı (Tahirova) Nəcəfovaya aid fotoneqativ qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı (Tahirova) Nəcəfovaya (1890-1977) məxsus fotoşəklin neqativi saxlanılır (İnv. 11172). Nazlı Tahirovanın babası və ulu babası –Naxçıvan xanlarının vəziri olmuşlar, özü ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Nazlı Tahirova, H.Z.Tağıyevin qızlar məktəbinin ilk məzunlarından biri оlub. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs alan Nazlı xanım bu illər ərzində elmin sirlərinə yiyələnmiş və müəllimlik peşəsinin parlaq nümayəndəsinə çevrilmişdir. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olub. Lakin hətta bu da cəmiyyətin ən çılğın üzvlərinin çox sərt münasibətinə səbəb oldu. Gənc müəllimə qarşı ciddi hədələr Nazlı xanımı məvacibinin təxminən yarısını mühafizəçilərə ödəməyə vadar etmişdi. Digər bir məşhur maarifçi qadın və Nazlı xanımın rəfiqəsi Ayna Sultanovanın köməyi ilə Naxçıvanda bir sıra qadın klubları, bunun ardınca isə yerli müəllimlər üçün hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və qızlar məktəbi təsis olunmuşdu. Məktəbdə çalışan Nazlı xanım teatr rejissoru Rza Təhmasibin köməyi ilə şagirdlərdən ibarət dram dərnəyi yaratmışdı. 1921-ci ildə o, Azərbaycanın məşhur dram əsərlərinin əksəriyyətinin tamaşaya qoyulduğu Naxçıvanda ilk özfəaliyyət qızlar teatrının təsis olunmasına müvəffəq oldu. Nazlı xanımın həyat yoldaşı Nəcəfqulu Nəcəfov onun maarifçilik ideyalarının həyata keçirilməsinə və hətta onun şəxsi mühafizəsinə dəstək göstərirdi. Sovet dövründə pedaqoji fəaliyyətlə məşğul olan Nazlı xanım 1930-cu illərdə Azərbaycanın bir çox maarifçi ziyalıları kimi repressiya məruz qalır, həyat yoldaşı həbs edilir. Təxminən iyirmi ildən sonra gecikmiş bəraətə baxmayaraq, Nazlı xanım bir daha öz həyat yoldaşını görə bilmədi. 1942-ci ildə Nazlı Nəcəfova da "xalq düşməninin həyat yoldaşı" kimi Qazaxıstana sürgün edildi. Qazaxıstanda olarkən Nazlı Nəcəfova ailəni saxlamaq üçün fəhlə briqadasında işləməklə yanaşı, özünün pedaqoji fəaliyyətini yenidən bərpa etdi. Sonralar o, Azərbaycana qayıda bilsə də, ona doğma Naxçıvanda qalmağa icazə verilmədi. Həmin ərəfədə Nazlı xanım vaxt itirməmiş, Göyçay rayonunda Azərbaycan və rus dilləri üzrə tanınmış müəllimlərdən birinə çevrilmişdir. Daha sonralar o, Naxçıvanda da müəllim işləmiş, "əməkdar müəllim" adını almışdır. Muzeydə qorunan Nazlı xanımın fotoneqativi təhsil tariximizin tədqiqi və təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Elanlar