az
en
Bu gün: 20 Sentyabr 2020
Muzeydə Çexiya kronası qorunur
II dünya müharibəsinin 75 illiyi ilə əlaqədar bir sıra faktiki materiallar aktuallıq kəsb edir. Belə materiallardan biri hazırda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunda qorunan 1942-ci ildə Bohemiya və Moraviya Protektoratında istehsal edilmiş 10 kron nominallı banknotdur (İnv. 2067, kağız pul nişanı). II Dünya müharibəsi dövrünün pul təsərrüfatında istifadə edilən bu banknotun tarixinə ümumi nəzər salaq: Almaniyanın 1939-cu ildə Çex əyalətlərini işğalından sonra Böyük Almaniya Reyxi tərkibində Bohemiya və Moraviya protektoratlığı yaradıldı və kronlar bu ərazidə istehsal edildi. Açıq çəhrayı və sarımtıl tonlara malik 10 nominallı kronun üst tərəfi: Meyvələr və çiçəklərdən ibarət dördbucaqlı çərçivədə - Almaniyanın dövlət xadimi, aviasiya sahəsi üzrə fəxri titullara malik, general Hermann Geringin (1932 - 1945) ikinci həyat yoldaşı, kino və teatr aktrisası Emmi Geringin (1893 - 1973) uşaqlıq fotosu yer almışdır. Mərkəzi hissədə çex dilində banknotun istehsal yeri, nömrəsi, buraxılış ili, sol və sağ tərəfdə nominal əks edilmişdir. Arxa tərəfdə: fərqli naxışlı kartuşda solda nominal, mərkəzdə çex dilində nominal və ölkənin adı yazılıb, yazının fonunda üzü sol tərəfə istiqamətlənən taclı şir (şahə qalxmış) təsviri, banknotun sağ tərəfində yuxarıda nominal əks edilib. 1941-1945-ci illər müharibəsi illərində Almaniyanın işğalı altında olan ölkələrdə buraxılan banknotlar sonralar yeni emissiya sisteminə keçdi. Bu pulların üzərindəki təsvirlərdə nasizmin əlamətləri olduğuna görə bunların sonrakı istehsalına qadağa qoyuldu.
Elanlar