az
en
Bu gün: 20 Sentyabr 2020
Muzeydə professor Məmməd Emin Qazıyevin materialları mühafizə olunur
Milli Azərbaycan Tarixi Muzeyinə əməkdar elm xadimi, professor, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, 1954-1961-ci illərdə Azərbaycan Tarixi Muzeyinin direktoru olmuş Məmməd Emin Qazıyevin fotoşəkillər, kitablar, sənədlər, şəxsi əşyalar, təltiflərdən ibarət olan materialları təhvil verilib. Həmin eksponatlar əsasən onun elmi yaradıcılığını, Muzeydə, habelə Ümumittifaq “Bilik” Cəmiyyətində apardığı maarifçilik işini, Azərbaycan Dövlət Universiteti və digər tədris müəssisələrindəki pedaqoji fəaliyyətini, həmçinin 1941-1945-ci illər müharibəsi dövründə vətənpərvərlik ruhunun aşılanması üzrə xidmətlərini əks etdirir. Bu materialların ümumi sayı 122 ədəddir. Əslən irəvanlı olan M.E.Qazıyevin əcdadları İrəvanın ictimai həyatında fəal iştirak etmişdir. Misal üçün M.E.Qazıyevin ulu babası İsmayıl bəy Qazıyev yüksək dövlət mənsəbinə çataraq həqiqi dövlət müşaviri mülki rütbəsində İrəvanın vitse-qubernatoru olmuşdu. Bütün bunlar Qazıyevlər nəslinə aid 9 ədəddən ibarət kolleksiyada öz əksini tapıb. Fotoşəkillərdə (inv. №4944, 4948-4952) M.E.Qazıyevin ulu babaları - Mirzə Cabbar bəy Qazıyev və İsmayıl bəy Qazıyev, babası Hüseyn Qazıyev, atası Adil Qazıyev və anası Tacı xanım təsvir edilmişdir. Habelə onların İrəvanda mülkə sahib olduqlarını subüt edən sənədlər də (inv. №4945-4947) Muzeyə təqdim edilmişdir. Bu materiallar M.E.Qazıyev irsinin və İrəvan tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.
Elanlar